Sep 19 2019 18:52
Views: 243

Macarıstanın paytaxtı Budapeştdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Nümayəndəliyinin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan, Türkiyə, Qırğızıstan və Macarıstanın Xarici İşlər nazirləri, Qazaxıstanın isə nazir müavini iştirak ediblər.  Açılış mərasimində çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Türk Şurası ilə əməkdaşlığı genişləndirmək istəyinin məmnuniyyətlə qarşılandığını deyib.   Bildirib ki, nümayəndəlik əməkdaşlığın növbəti mərhələyə keçməsi üçün mərkəz rolunu oynayacaq. Eyni zamanda, Türk Şurasına Macarıstanla, o cümlədən Avropa İttifaqı ilə əlaqələri genişləndirməyə imkan verəcək.

Qeyd edək ki, Macarıstan qurumda müşahidəçi statusu ilə təmsil olunur. Bir neçə gün əvvəl isə Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına tam hüquqlu üzv olmaq bardə qərar verib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qurumun Budapeştdə ofisinin açılmasını əlamətdar hadisə kimi dəyərləndirib.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.


Create Account



Log In Your Account