Mar 07 2019 14:05
Views: 316

İmadəddin Nəsimi yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün önəmli şair və mütəfəkkirdir. Bu fikirlər Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının- TÜRKSOY-un Ankaradakı mənzil qərargahında “Nəsimi ili”nin açılış mərasimində səsləndirilib. Bildirilib ki, məhz bu səbəbdən 2019-cu il türkdilli ölkələr üçün “Nəsimi ili” elan olunması heç də təsadüfi deyil. Nəsimi ilinin açılışı çərçivəsində Türksoy-da İmadəddin Nəsiminin yaradıcılığına həsr edilmiş kitab sərgisi də təşkil olunub. Burda Nəsiminin XV əsrə aid əlyazmalarının surətləri, dahi şairin 1844-cü və 1881-ci illərdə Türkiyədə ilk dəfə çap edilən kitabları, 1926-cı ildə Bakıda nəşr edilmiş ilk əsəri və digər nəşrlər nümayiş olunub. Toplantıda Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu, mədəniyyət və turizm nazirinin müavini və digər yüksək səviyyəli rəsmilər iştirak ediblər. Nəsimi yaradıcılığına Anadoluda da böyük dəyər verildiyi qeyd olunub.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, Hər il təşkilatda iki ölkənin görkəmli ədəbiyyat və mədəniyyət xadiminə həsr olunmuş illərin keçirilməsi artıq ənənə halını alıb. Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunan tədbirlərin həm Türkiyədə, həm də digər türkdilli ölkələrdə keçirilməsi təqdirəlayiqdir. Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayev 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin Azərbaycanda“Nəsimi ili” elan olunduğunu, ölkə prezidentinin tapşırıq və sərəncamları ilə dövlət səviyyəsində tədbirlər keçirildiyini bildirib. Qeyd edib ki, Azərbaycan dahi mütəfəkkirinə hələ sovet dönəmində layiqincə qiymət verib.

Tədbirdə Nəsimi yaradıcılığı ilə bağlı müzakirələr də keçirilib. Dahi şairin şeirləri səsləndirilib, qəzəlləri əsasında muğamlar ifa olunub. Nəsiminin 650 illik yubileyi ilə bağlı Türkiyədə tədbirlər davam etdiriləcək.


Create Account



Log In Your Account