May 31 2018 18:39
Views: 490

Azərbaycanda son 5 ildə uşaqların tütün tüstünün təsirinə məruz qalma səviyyəsi 50 faizədək artıb. Uşaqların 41 faizə qədəri evlərdə, ictimai yerlərdə tütün tüstüsünün təsirindən əziyyət çəkirlər. Mütəxəssislərin fikrincə, passiv tütün çəkənlərin, yəni tütün tüstüsünün təsirinə məruz qalanların həyatı bəzən daha çox təhlükədə olur.
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev qeyd edir ki, əgər Azərbaycanda kişilərin təxminən 35 faizi siqaret çəkənlərdirsə, passiv tütün çəkən insanların sayı da olduqca əhəmiyyətlidir və yüksəkdir. “Tədqiqatlar göstərir ki, siqaret çəkməyən kişilərin təxminən 70 faizi ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Eyni zamanda, qadınların təxminən 41 faizi evlərində tütün tüstüsünün təsirinə məruz qalır”.
Dünyada hər il 7 milyon insan tütün tüstüsünün təsirindən, onun yaratdığı xəstəliklərdən dünyasını dəyişir. Onlardan 900 min nəfərini passiv tütün çəkənlər təşkil edir. Ötən il Azərbaycanda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi qəbul edilib. Mütəxəssislər hesab edirlər ki, passiv tütün çəkmənin qarşısını almaq üçün ardıcıl ciddi addımlar atılmalıdır.
Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1988-ci ildən mayın 31-i Dünya Tütünsüz Günü kimi qeyd edilir. Bu günün əsas hədəfi ictimaiyyətin diqqətini problemə yönəldərək, tütünün orqanizmə vurduğu zərər barəsində insanları maarifləndirməkdir. İctimai Səhiyyə və İslahatlar Mərkəzində də Dünya Tütünsüz Gününün 30 illik yubileyi münasibətilə Dəyirmi Masa keçirilib. Qeyd olunub ki, tütün çəkilməsi 25-dən artıq xəstəliyin, o cümlədən ürək-damar, ağciyər və onkoloji xəstəliklərin yaranmasına səbəb olur. 20-ci əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. dünya Səhiyyə Təşkilatının məlumatına görə, tütün tüstüsü dünyada ölüm riski yaradan 8 xəstəlikdən altısının inkişafında əsas səbəb sayılır. Hesablamalara görə, belə davam edərsə, 2030-cu ildə bu pis vərdiş səbəbindən vəfat edənlərin sayı 8 milyona çata bilər. Mütəxəssislər siqareti tərgitmə üsullarından da danışdılar. Bildirildi ki, istək varsa, 70 faiz hallarda siqaretdən imtina dərmansız baş verir.


Create Account



Log In Your Account