Dec 28 2018 16:52
Views: 501

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması erməni icması ilə konstruktiv dialoqun aparılmasına və təmasların bərpasına hazırdır. Bunu “Dağlıq Qarabağın Azərbaycanlı icması” İctimai Birliyinin yeni rəhbəri Tural Gəncəliyev deyib. Bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün  Azərbaycan qarşı tərəfə daim xoşməramlı ismarıclar göndərsə də, təəssüf ki,  Ermənistanın buna  reaksiyası həmişə mənfi olub.

Tural Gəncəliyev bu illər ərzində münaqişə nəticəsində Azərbaycanın 20 faiz torpaqlarının  işğal olunduğunu, 1 milyondan artıq qaçqın və məcburi köçkünün, o cümlədən 80 mindən artıq azərbaycanlının öz doğma yurdlarından didərgin düşdüyün vurğulayıb. Bildirib ki,  münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün vaxt çoxdan yetişib. Erməni xalqı bilməlidir ki,  bölgənin sülh və sabitliyi, gələcək inkişafı yalnız bu yoldan keçir.

Tural Gəncəliyev  sözlərinə görə,  Ermənistanda bundan öncəki  Sarkisyan hakimiyyəti  Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasını  da təsir altında saxladığından əlaqələrin qurulması üçün göstərilən səylər heç bir nəticə verməyib. Ermənistanın yeni hakimiyyəti ilə və  Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə bundan sonra konstruktiv dialogun qurulacağına, əlaqələrin bərpa olacağına ümüd etdiyini bildirib. O, hər iki icmanın  münaqişənin həllindən sonra birgə yaşayacağını əsas gətirərək təmasların qurulmasının və əlaqələrin bərpasının vacib olduğunu deyib.

Tural Gəncəliyev  bundan sonra da Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması olaraq daha intensiv şəkildə fəaliyyət göstərəcəklərini, Qarabağ həqiqətlərini dünyaya  çatdırmaq üçün  aktiv işləyəcəylərini deyib

İcma rəhbəri qeyd edib ki, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması münaqişənin  tənzimlənməsində maraqlı tərəflərdən biridir. Tural Gəncəliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərilə keçiriləcək görüşlərdə də iştirak etməyə və icmanın mövqeyini ortaya qoymağa hazır olduğunu bildirib. O, növbəti ildən daha intensiv işlərə başlayacaqlarını, Qarabağ həqiqətləri ilə bağlı beynəlxalq təşkilatları və mətbuatı mütamadi  məlumatlandırmağı, üzləşdikləri problemlərlə bağlı müraciətlər ünvanlamağı  və  ən əsası yalan erməni təbliğatına qarşı mübarizə aparmağı qarşıya məqsəd qoyduqlarını deyib.

 


Create Account



Log In Your Account