Apr 05 2019 15:17
Views: 173

Bakı Ekspo Mərkəzində davam edən 18-ci beynəlxalq turizm və səyahətlər sərgisi müxtəlif ölkələrin turizm bazarlarının nümayəndələrini, eləcə də milli və regional turizm təşkilatları və dövlət strukturlarını bir araya gətirib. Sərgi iştirakçıları öz təklifləri ilə yay və qış turizm mövsümlərini əhatə etməklə, turizm xidmətlərinin bütün spektrini təqdim edirlər.

Bu il sərgidə turizm şirkətləri, aviaşirkətlər, mehmanxana şəbəkələri və sanatoriyaların təmsilçiləri öz xidmətlərini təqdim edirlər. Dünyanın 17 ölkəsindən 189 nümayəndənin qatıldığı sərgidə ənənəvi olaraq iştirak edən  ölkələr daha fərqli çeşiddə xidmətlər, hər ailənin büdcəsinə uyğun ailəvi istirahət məkanları, eləcə də ekzotik səyahəti sevənlər üçün təkliflərlə çıxış edirlər. Azərbaycanlı turistlərin zövqünü oxşayan turist istiqamətləri və paketləri nümayiş etdirən ölkələr az deyil. Pavilyonda ən böyük ərazini Tailandın stendi bron edib, bu da təsadüfi deyil.

İştirakçı ölkələr fərqli turizm istiqamətləri təqdim edir, yeni turistləri cəlb etməyin yollarını axtarırlar. Sorğular keçirən, bunu araşdıran ölkələr belə var. Azərbaycanlıların ənənəvi olaraq səyahət etdiyi qonşu ölkələr sərgidə geniş tərkibdə çıxış edirlər. Onlar bu imkandan həm də əlaqələri genişləndirmək məqsədilə yararlanırlar.

Sərgi turizmin müxtəlif istiqamətləri üzrə çalışan işçilərin də görüş məkanına çevrilib. Buna görə də sərgini ilk ziyarət edənlər ilk növbədə turizm sənayesinin təmsilçiləridir. Ölkəyə gələn turist axınının artması, Azərbaycanda müxtəlif irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi və beynəlxalq əlaqələrin inkişafı fonunda bu sərginin aktuallığı heç bir şübhə doğurmur.

Bu dəfəki sərgi həm də geniş işgüzar proqramı ilə fərqlənir. Bu ilin Nəsimi ili elan olunmasını nəzərə alaraq təşkilatçılar üç  gün ərzində qonaqlara “Nəsimi tarixi və yaradıcılığına səyahət” etmək və Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq imkanı yaradıblar. Sərgi sabah yekunlaşacaq.


Create Account



Log In Your Account