Nov 04 2019 16:23
Views: 98

Turizmin inkişafı məqsədilə bölgələrdə yollar yenidən qurulur. Dövlət başçısının bununla bağlı tapşırığının icrası ilə əlaqədar olaraq başlanğıcını Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 96-cı km-dən götürən Qax-İlisu marşrutu üzrə avtomobil yolunda işlər yekunlaşdırılıb. 35.5 km uzunluğunda olan avtomobil yolu 4 hissədən ibarətdir. Bura Qorağan-Qax şəhəri, Turaclı, Qarameşə, Əmircan və Meşəbaş kəndlərinin giriş yolları, Qax şəhərinin mərkəzi hissəsi – Heydər Əliyev prospekti və  Qax şəhəri-İlisu kənd hissəsi daxildir. 1973-1975-ci illərdə inşa olunmuş III texniki dərəcəli avtomobil yolunun Qorağan-Qax şəhəri hissəsinin torpaq yatağı yol kənarı ərazilərdən istifadə etməklə yığılmış qrunt hesabına inşa olunub. bəzi hissələrdə yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə idi və avtomobil yolu meşə zolağından keçdiyi üçün yolun çiyinləri texniki dərəcəyə uyğun gəlmirdi.Ümumilikdə isə Qorağan-Qax-İlisu avtomobil yolu uzun illər istismar olunduğundan, yol örtüyündə aşınmalar, çatlar, qabarma və çökmələr əmələ gəlib. bu problemlərin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  III və IV texniki dərəcəyə uyğun təmir-tikinti işləri aparıb.

Layihəyə uyğun olaraq, yol örtüyü və torpaq yatağının yararsız hissələri sökülüb, genişləndirilmə işləri görülüb yeni yol yatağı inşa edilib. Bunun ardınca isə layihədə nəzərdə tutulmuş qalınlıqda yol əsası inşa aparılır və yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.  Bundan başqa avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular dəyişdirilib. Layihə çərçivəsində Ağçay üzərində 60 metr və Kürmük çayı üzərində 114 metr uzunluğa malik iki avtomobil körpüsündə də təmir-bərpa işləri görülüb.  Tikinti layihəsinin sonuncu mərhələsində 10 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçünsə yol boyu siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə, km göstəricisi quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilib.


Create Account



Log In Your Account