Jan 18 2021 19:02
Views: 196

Yeni Füzuli-Şuşa avtomobil yolu iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 17 km-ə qədər qısalaraq 84.6 km təşkil edir. İlkin hesablamalara əsasən inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur. Artıq Şuşa şəhərinədək 101.5 km-lik trassa üzrə 2 hərəkət zolağı enində olmaqla xidməti yol istifadəyə verilib. Yol boyu bu hissədə 2 hərəkət zolağı enində torpaq yatağı genişləndirilərək yol yatağı və yol əsası inşa edilib. Yeni Füzuli-Şuşa avtomobil yolunun 4-6 hərəkət zolağından ibarət olması nəzərdə tutulur. 84.6 km-lik yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək. Artıq yolun ilk 6 km-lik hissəsində, həmçinin yeni yolun 27-ci km-dən başlayaraq 4 km hissədə torpaq işləri icra olunaraq yekunlaşdırılıb və yeni yol əsası inşa edilib. Bundan başqa Füzuli-Şuşa avtomobil yolu inşasına start verilən yeni Füzuli Hava Limanı yaxınlığından keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədi ilə yolun 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə nəzərdə tutulur. Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. Şuşaya aparan yeni avtomobil yolunun qısa müddət ərzində tikintisinin yekunlaşdırılması üçün layihə şərti olaraq 5 hissəyə bölünüb. Əsas qüvvə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir. Bundan başqa çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik "Kolin İnşaat" başda olmaqla Türk Şirkətlər Qrupu və 1 yerli tikinti şirkəti də layihəyə cəlb olunub. Yeni layihə üzrə təyin olunmuş qrafikə uyğun Füzuli-Şuşa yeni avtomobil yolunda inşaat işlərinin bu ilin sonu, növbəti ilin əvvəlinədək yekunlaşdırılması nəzərdə tutulur.Qeyd edək ki, inşa edilən yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu sayəsində paytaxt Bakıdan Şuşa şəhərinədək olan məsafə daha da qısalaraq təqribən 345 km təşkil edəcək.


Create Account



Log In Your Account