May 10 2019 20:05
Views: 726

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Keçmiş yod-brom zavodunun çirklənmiş ərazilərinin təmizlənməsi” və “Heydər Əliyev Beynəlxalq Aeroportunun yaxınlığındakı çirklənmiş ərazilərin təmizlənməsi” layihələri barədə Prezident İlham Əliyevə məlumat verib.
Dövlət başçısının tapşırığına əsasən Suraxanı rayonunda keçmiş yod-brom zavodunun ərazisində lay suları, duz, yod və digər tullantılarla çirklənmiş 67 hektar sahə təmizlənərək bərpa edilib, kollektor-drenaj sistemi qurulub.Ümumilikdə, indiyədək bu ərazidə yerli iqlim şəraitinə uyğun 50 mindən çox müxtəlif növ ağac əkilərək böyük yaşıllıq zolağı salınıb.Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkiblər.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96–cı ildönümü münasibətilə keçirilən ağacəkmə aksiyasında 4 hektar ərazidə, ümumilikdə, 3250 ağac əkilib. Ağaclar əraziyə çəkilmiş müasir, avtomatlaşdırılmış damcılı suvarma sistemi vasitəsilə suvarılır. Suvarma üçün su isə Hövsan Aerasiya Stansiyasından götürülür və təmizləyici qurğularda təmizləndikdən sonra suvarmaya ötürülür. Damcılı suvarma sisteminin elektrik enerjisi ilə təchizatı Suraxanı Günəş Elektrik Stansiyası hesabına təmin ediləcək.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aksiyada iştirak edən gənclərlə görüşüblər.
Ümumilikdə milli lideri Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə paytaxt və bölgələrdə müxtəlif avtomobil yollarının kənarlarında ağacəkmə aksiyaları keçirib. Aksiyalar çərçivəsində Bakı şəhərinin avtomobil yollarının mühafizə zolaqlarına, yolötürücüləri və yolqovşaqlarının ərazilərinə ümumilikdə 11 min, respublikanın magistral avtomobil yollarının mühafizə zolaqlarına isə 85 min müxtəlif növ ağac, gül və kol bitkiləri əkilib. Beləliklə son 4 ay ərzində paytaxtın və respublikanın avtomobil yollarının mühafizə zolağında 96 min müxtəlif növ ağac və kol bitkisi əkilib. Bununla da yollarının mühafizə zolağında olan ağac və kol bitkisinin sayı 1 mln. 349 mini keçib.


Create Account



Log In Your Account