Apr 27 2019 19:29
Views: 258

Uruqvay Dağlıq Qarabağdakı separatçı rejimi tanımır.  Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva CBC-yə bildirib ki, Azərbaycanın Uruqvaydakı səfiri Rəşad Aslanovun bu ölkənin rəsmi qurumlarında keçirdiyi görüşlərdə bu barədə açıqlama verilib. Dağlıq Qarabağın separatçı rejiminin nümayəndəsinin Uruqvaya gəlməsi və burada guya, ölkə rəsmiləri də daxil olmaqla görüşlərin keçirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirilib.
Məsələ Azərbaycan Səfirinin Uruqvay Senatının sədri Luisa Topolanski ilə görüşü zamanı da müzakirə olunub. Görüş zamanı senat sədri  parlamentdə keçirilən tədbir zamanı hər hansı qondarma qurumun nümayəndəsi ilə deyil, Uruqvaydakı erməni icması ilə görüşdüyünü bildirib. Ekspertlər hesab edir ki, bu Ermənistanın növbəti  təxribat cəhdidir.  Lakin Azərbaycanla Uruqvay arasında son illər möhkəmlənən siyasi əlaqələr və Azərbaycanın diplomatik korpusunun operativ reaksiyası bu cəhdi boşa çıxarıb.
Ermənistan BMT-də insan hüquqları barədə hesabatların təqdimatı zamanı da separatçı rejimi tanıtmağa cəhd edib. qondarma “Dağlıq Qarabağ Respublikası”nın hesabatının BMT-nin rəsmi səhifəsində dərc edilməsi ilə əlaqədar Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin baş katibi və Baş Assambleyanın 73-cü sessiyasının prezidentinə, insan haqları üzrə ali komissarına bəyanat ünvanlayıb.Fondun prezidenti Umud Mirzəyev deyir ki, 67 səhifədən ibarət olan hesabat 100 illik bir dövrə bir baxışdır və bir daha göstərir ki, Ermənistan Dağlıq Qarabağa ərazi iddialarının başlatdığı bu 30 ildə həm də bunun ideoloji zəminini hazırlayıb.
Beynəlxalq Avrasiya Mətbuat fondu BMT –də statusu olan bir qurum kimi prinsipiallıq nümayiş etdirib. Daha əvvəl Azərbaycan xarici işlər nazirliyi də rəsmi olaraq BMT-yə etiraz məktubu göndərib. Umud Mirzəyev deyir ki, bununla yanaşı məsələdə Azərbaycan vətəndaş cəmiyyəti də fəal olmalıdır.


Create Account



Log In Your Account