May 02 2019 18:23
Views: 523

Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini davam etdirir. “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən foruma 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri qatılıb. Qonaqlar öncə “İpək yolu gənclərin gözü ilə” sərgisi ilə tanış oldular. Dünyanın müxtəlif ölkələrinin gənc fotoqraflarının çəkdikləri bu şəkillər YUNESKO-nun “İpək yolu” layihəsi çərçivəsində keçirilən fotomüsabiqənin qalibi olub. Forumun iştirakçıları belə beynəlxalq tədbirin Bakıda keçirilməsini yüksək qiymətləndirirlər. 

Forumun əsas məqsədlərindən biri dünya əhalisi arasında həmrəyliyə nail olmaqdır. Müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə insanlara kömək etmək üçün mədəniyyətlərarası dialoqun mühüm rolu öyrəniləcək.

Forum çərçivəsində keçirilən “Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” mövzusunda beynəlxalq təşkilatların yüksək səviyyəli görüşündə də maraqlı müzakirələr aparıldı. Bildirildi ki, 2016-cı ildə dünya ölkələrinin liderlərinin bir araya gələrək qəbul etdikləri 17 Dayanıqlı İnkişaf Məqsədinin əsas vəzifəsi hazırda bəşəriyyətin inkişafının qarşısında duran əsas problemlərin həllidir. Qeyd edildi ki, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün dialoqun və tərəfdaşlığın rolu vacibdir.

Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Forumda müxtəlif mövzularda plenar sessiya və aralıq sessiyaları keçiriləcək, həmçinin qonaqlar üçün sərgilər, musiqili proqramlar təşkil ediləcək.


Create Account



Log In Your Account