May 04 2019 17:30
Views: 193

Mayın 2-3-də keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatdı. Dünyanın 105 ölkəsindən nümayəndələr və 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri Bakıda bir araya gəldilər. “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən forumda beynəlxalq əməkdaşlıq baxımından çox önəmli məsələlər müzakirə edildi. Forum iştirakçıları dünyada sülh və bərabərliyin, qarşılıqlı etimadın və anlaşmanın əldə olunmasında bu tədbirin böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar.

İki gün davam edəm forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə baş tutdu. Forum müddətində çoxsaylı məruzələr dinlənildi, 20-dən çox müxtəlif tədbir, o cümlədən sessiya, dəyirmi masalar təşkil edildi. 30-dan çox beynəlxalq təşkilatın rəhbərləri bir otaqda əyləşərək müzakirələr apardılar. Bütün sessiyalar canlı şəkildə BMT veb-saytı vasitəsilə yayımlandı.

Forumda sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələləri, qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri və sintezi, miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi, türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük “İpək yolu”nun rolu və digər məsələlərə toxunulub. Həmçinin, mədəni müxtəliflik üçün ictimai dəstəyin göstərilməsinə dair maraqlı təkliflər irəli sürülüb.

Forumun bağlanış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev tədbir çərçivəsində səmərəli müzakirələrin və fikir mübadiləsinin aparıldığını bildirdi. Qeyd etdi ki, Bakı forumu dünya miqyasında özünəməxsus, hörmətli və nüfuzlu yer tutur. Azərbaycanın qlobal əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bir ənənə halına çevrilib.

Nazirin sözlərinə görə, forumun hazırlıq dövründə xüsusi beyin mərkəzi fəaliyyət göstərir ki, həmin mərkəzdə bütün beynəlxalq qurumların nümayəndələri var. Onlar əvvəlcədən mövzuları müzakirə edir, planlaşdırırlar.

Nazir, həmçinin təşəbbüsün bundan sonra da davam etdiriləcəyini vurğuladı. Qeyd etdi ki, forumda aparılan müzakirələrin ilkin nəticələri göstərir ki, “Bakı prosesi”nin nüfuzu və əhəmiyyətinin daha da artırılmasında bütün beynəlxalq təşkilatların marağı və arzusu var. Bağlanış mərasimində çıxış edənlər forumun təşkili üçün Azərbaycan hökumətinə təşəkkür etdilər. Artıq beşinci dəfədir Bakıda keçirilən bu beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırdılar.


Create Account



Log In Your Account