Jun 06 2018 14:51
Views: 740

Vaşinqtonda Endryu Melon Auditoriumunda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli ziyafət təşkil edilib. Min nəfərədək qonağın iştirak etdiyi ziyafətdə Amerika Birləşmiş Ştatlarının dövlət qurumları, o cümlədən “Ağ Ev”, Dövlət Departamenti, Müdafiə Departamentinin çoxsaylı təmsilçiləri, Konqres üzvləri və peşəkar heyət, bir sıra ştatların nümayəndələri, xarici ölkə səfirləri, hərbi attaşeləri və diplomatik korpusun digər əməkdaşları, o cümlədən Azərbaycan, türk və yəhudi icmasının çoxsaylı nümayəndələri iştirak edib. Tədbirin əvvəlində ABŞ hərbi hava qüvvələrinin hərbi orkestri Azərbaycanın və ABŞ-ın dövlət himnlərini təntənəli şəkildə ifa edib.

Ziyafətin açılışında çıxış edən səfir Elin Süleymanov 100 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik parlament respublikasının məhz Azərbaycanda yaranmasının qanunauyğunluğundan danışıb. Qeyd edib ki, mövcud olduğu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyətimdə tolerantlıq ənənəsi inkişaf etdirilib və dini, etnik mənşəyindən və cinsindən asılı olmayaraq hər kəsin bərabərliyi təmin olunub, bir çox aparıcı Qərb dövlətlərindən daha əvvəl qadınlara səsvermə hüququ verilib. 100 il sonra yenə Azərbaycanın qabaqcıl mövqedə dayandığını söyləyən səfir Süleymanov ölkəmizin regionda həyata keçirdiyi irimiqyaslı layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Ticarət Limanı, Bakı Karqo Terminalını xatırladıb. Qeyd edib ki, tolerantlıq və multikulturalizm ənənələri ilə fərqlənən Azərbaycanda müsəlman, xristian, yəhudi və digər dini qrupların Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyini eyni coşqu ilə qeyd olunur. Səfir Azərbaycan-ABŞ tərəfdaşlığından da danışıb, ölkələrimiz arasında qarşılıqlı hörmət və maraqlara əsaslanan və bir çox sahəni, o cümlədən enerji təhlükəsizliyi, terrorla mübarizə, müdafiə və təhlükəsizlik məsələlərini əhatə edən əməkdaşlığı vurğulayib. Sonra tədbirdə iştirak edən ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri, generallar, eləcə də Konqres üzvləri Azərbaycan-ABŞ tərəfdaşlığı ilə bağlı fikirlərini ifadə ediblər. Daxili işlər və ekologiya naziri Rayan Zinke ölkəmizi müttəfiq, dost və tərəfdaş adlandıraraq Azərbaycanın həm region, həm də dünya üçün çox vacib olduğunu söyləyib.

ABŞ prezidentinin xüsusi köməkçisi Fiona Hill çıxışında prezident Donald Trampın Azərbaycan Xalq Cümhuirriyətin 100 illiyi ilə bağlı ölkəmizin dövlət başçısı cənab İlham Əliyevə ünvanladığı məktubu səsləndirib. O, ilk dəfə 30 il əvvəl – 1988-ci ildə ölkəmizə səfər etdiyini xatırlayaraq hazırda Azərbaycanının inanılmaz nailiyyətlər əldə etdiyini vurğuladı. ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Bricit Brink Azərbaycanın mürəkkəb regionda müstəqil siyasət yürütdüyünü vurğulayıb. ABŞ rəsmisi Cənub Qaz Dəhlizinin uğurla tamamlanması və genişlənməsini ölkəsinin dəstəklədiyini bildirərək bu layihənin Xəzər regionunu dünya iqtisadiyyatına inteqrasiya edəcəyini söyləyib.

ABŞ milli qvardiyasının sədr müavini, üç ulduzlu general Daniel Hokanson çıxışında Pentaqonun Azərbaycanla əməkdaşlığın tarixçəsinə nəzər yetirdi, ABŞ-ın ölkəmizlə tərəfdaşlığa önəm verdiyini önə çəkib. Konqresdə Azərbaycan İşçi Qrupunun rəhbəri Bil Şuster və konqresmen Henri Kueller öz çıxışlarında  ölkəmizin Amerika üçün vacib tərəfdaş olduğunu bildiriblər. Kolumbiya dairəsinin katibi Lauren Vaugan 2018-ci il 28 may tarixinin Vaşinqtonda Azərbaycan Milli Günü elan edilməsi barədə mer Müryel Bouzer tərəfindən verilmiş bəyanatın mətnini oxuyub. Sonra Oklahoma Milli Qvardiyasını təmsil edən briqada generalı Luis Vilyam qubernator Meri Fellinin 28 may tarixinin Oklahoma ştatında Azərbaycan Milli Günü elan edilməsi barədə bəyanatının mətnini oxunulub. İştirakçılar Azərbaycanın əldə etdiyi nailiyyətlərin davamlı olacağından əmin olduqlarını bildiriblər.

Tədbir zamanı Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Xalq Cümhurriyyətinin 100 illiyi ilə bağlı hazırlanmış film göstərilib, “Silk Road Dance Company” və “Ritm Rəqs” qrupunun ifasında Azərbaycanın milli musiqi və rəqs nümunələri qonaqları valeh edib. Qonaqlara milli mətbəxin nümunələrindən ibarət təamlar təqdim olunub. Ziyafətin Ramazan ayına təsadüf etdiyini nəzərə alaraq oruc tutan qonaqlar üçün, həmçinin iftar süfrəsi təşkil edilib.

 

 


Create Account



Log In Your Account