May 24 2019 16:36
Views: 593

Dördüncü Trans-Xəzər Forumu Birləşmiş Ştatlar və Xəzər regionu ölkələrindən olan biznes liderləri, xarici siyasət mütəxəssisləri və dövlət rəsmilərini bir araya toplayıb. Yeni istiqamətləri araşdırmaq və yeni imkanları müəyyən etmək üçün növbəti dəfə platforma yaradıb.

Forumun əsas məruzəçilərindən biri ABŞ Dovlet Katibinin iqtisadi inkişaf, enerji və ətraf mühit üzrə müavini Manişa Sinx olub. Trans-Xəzər regionunun uzun müddətdir vacib tranzit marşrutu olduğunu qeyd edən Manişa Sinx, Xəzəryanı ölkələrin regional iqtisadi əməkdaşlığı üçün böyük potensial gördüklərini və bu inkişafı ABŞ-ın dəstəkləyəcəyini ifadə edib. Dövlət katibinin müavini enerji təhlükəsizliyi məsələlərinə də toxunaraq, təhlükəsizliyin təmin olunmasında Cənub Qaz Dəhlizi layihəsinin önəmini vurğulayıb.

Tədbirdə Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Tacikistanın ABŞ-dakı səfirləri çıxış ediblər. Azərbaycanın ABŞ-kı səfiri Elin Süleymanov əməkdaşlığın və əlaqələrin Azərbaycan üçün hər zaman prioritet məsələ olduğunu bildirərək, yaradılan iqtisadi əməkdaşlıq komissiyalarını nümunə göstərib.

Trans-Xəzər Forumu dörd sessiyada işini davam etdirib. ABŞ Dövlət Departamentinin Katibinin enerji resursları üzrə müavininin müşaviri Sandra Oudkirk Xəzər regionunun enerji baxımından çox unikal olduğunu və ölkələrin enerji təhlukəsizliyinə böyük diqqət yetirməsinin zəruri olduğunu bildirib.

Forumda Dünya Bankının icraçı direktoru Verner Gruber də məruzəçi qismində çıxış edib. O, infrastrukturun iqtisadi inkişaf üçün lazımlı lakin yetərli olmadığını vurğulayıb.

Bu il sayca 4-cü dəfə təşkil olunan Trans-Xəzər Forumu Xəzər Siyasət Mərkəzi və ABŞ Ticarət Palatası,  Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Özbəkistan səfirliklərinin dəstəyi ilə keçirib. Tədbirlə əlaqədar ABŞ Dövlət Departamenti bəyannamə yayaraq iştirakçı ölkələri Böyük Xəzər regionunda sülhün və firavanlığın gücləndirilməsi istiqamətində işlər görməyə, ABŞ və bölgə xalqları arasında biznes, akademik, mədəni və digər əlaqələri və əməkdaşlığı gücləndirməyə çağırıb.


Create Account



Log In Your Account