Jun 05 2018 18:58
Views: 451

Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatına start verilib. Açılış mərasimində qeyd olunub ki, böyük yarışların təşkilatçılığının Azərbaycana həvalə olunması ölkəmizin inkişafının bariz nümunəsidir. Bakı-2015” ilk Avropa Oyunları, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışlar Azərbaycanda yüksək səviyyədə təşkil edilib.
Açılış mərasimindən sonra “Challenge” kateqoriyasında yarışan kiçik yaşlı yeniyetmələrin mübarizəsinə start verilib. 12 və daha aşağı yaşlı idmançıların yarışında argentinalı Federiko Ariel Kapello birinci olub. Mundialda 13-14 yaşlı velosipedçilərin mübarizəsində Ekvador idmançısı Pedro Xose Benalkazar Querrero fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 15-16 yaşlı idmançıların mübarizəsində fransalı Joris Bequin, 17-24 yaş kateqoriyasında Braziliya velosipedçisi Felippe Qonsalves bütün rəqiblərini qabaqlayaraq çempion olub. Oğlanlar arasında 25-29 yaş kateqoriyasında Niderland idmançısı Robin Van Der Kolk, latviyalı Klavs Lisovskis və fransalı Kevin Luna ilk üçlükdə yer alıblar.
Dünya çempionatının “Challenge” yarışlarında qızlar arasında iki yaş kateqoriyası üzrə qaliblər də müəyyənləşib. 16 və daha aşağı yaşlı qızların yarışında ABŞ idmançısı Makkenziya Qeyhart birinci olub. 17-29 yaşlı velosipedçilərin yarışında ilk iki pillədə niderlandlı idmançılar yer alıblar. Qeyd edək ki, iyunun 9-dək davam edəcək mötəbər yarışda 43 ölkədən 1500-dən artıq idmançı mübarizəyə qoşulub. Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunur.


Create Account



Log In Your Account