Dec 19 2017 15:10
Views: 671

Şəkinin Daşüz kəndində yerləşən Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarış keçirilir. Dekabrın 20-dək davam edəcək ilk təsnifat mərhələsinin oyunlarında Şəki, Ağcabədi, Ağdaş, Ağstafa, Bərdə, İsmayıllı, Gəncə və Şəmkir rayonlarının komandaları ilə yanaşı, Bakının “Elit”, “Ömər”, “Polad” və “Sərhədçi” komandaları mübarizə aparırlar. Turnirin ilk qarşılaşmasında Şəki və Bakının “Ömər” komandaları üz-üzə gəlib. Gərgin keçən oyun paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci qarşılaşmada isə Bakının “Elit” komandası Bərdə konadasını 2:0 hesabı ilə məğlub edib. Bu gün keçiriləcək Ağdaş-İsmayıllı və Gəncə-Şəmkir qarşılaşmalarından sonra dörddəbir finalın daha iki iştirakçısının adı məlum olacaq. Oyunların final mərhələsi Bakıda, Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək. Dekabrın 22-də yarımfinal, dekabrın 23-də isə üçüncü yer uğrunda görüşlər və final qarşılaşması təşkil olunacaq.
Azərbaycanda çövkən oyununun tarixi çox qədimdir. Min illər ərzində Azərbaycan igidlərinin oynadığı bu oyun cəsurluq, qəhrəmanlıq və çeviklik rəmzi sayılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımızın yenidən sahib olduğu milli dəyərlər sırasında atüstü milli oyunlar ön cərgələrdə yer tutur. Son illərdə Azərbaycanda qədim tarixə malik atçılıq ənənələrinin bərpasına, atüstü milli oyunlarımızın qorunub saxlanılmasına xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin Fərmanı ilə 2006-cı ildə Şəki rayonunda yaradılan Respublika Atçılıq Turizm Mərkəzi xalqımızın qədim tarixi ənənələrinin bərpasına və dirçəldilməsinə böyük töhfələr verir. Mərkəzin yaradılmasında əsas məqsəd milli atüstü oyunlara yeni həyat vermək, ölkədə atçılıq turizmini təbliğ etmək, gənc nəsildə bu sahəyə maraq oyatmaqdır. Azərbaycanın çövkən oyunu 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. Çövkən oyununun bu siyahıya daxil edilməsi Azərbaycanda mədəni irsin qorunması sahəsində həyata keçirilən tədbirlərin, aparılan məqsədyönlü işin məntiqi nəticəsi hesab edilir.


Create Account



Log In Your Account