Jun 04 2018 18:27
Views: 324

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Vokalçıların Bülbül adına 7-ci Beynəlxalq müsabiqəsinin açılış mərasimi olub. Görkəmli sənətkar Bülbülün anadan olmasının 120 illiyinə həsr edilən tədbiri mədəniyyət naziri Əbülfəs Qarayev açaraq müsabiqənin əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizdə bu sənət yarışının keçirilməsi ənənəyə çevrilib:
“Hazırda dünyanın opera səhnələrində çıxış edən onlarla ifaçı vaxtilə bu müsabiqənin iştirakçıları olublar. Müsabiqə gənclərin gələcək yaradıcılıq fəaliyyətinə bir qapıdır və açar onların öz əllərindədir. İstedad, bacarıq varsa, onlar öz yollarını tapacaqlar”.
Bülbül Fondunun prezidenti, Azərbaycanın Rusiyadakı səfiri, Xalq Artisti Polad Bülbüloğlu müsabiqənin bütün regionun mədəni həyatında böyük hadisə, gənc ifaçılar üçün bir imkan olduğunu qeyd edib. Bildirib ki, belə nüfuzlu müsabiqənin təşkili Bülbülün ailəsini sevindirir.
“Bülbül ailəsi adından Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm ki, Bülbülün 120 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Müsabiqənin əsası isə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Mədəniyyət Nazirliyi də öz növbəsində böyük işlər görüb. Tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm”.
Müsabiqə iştirakçılarını beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Münsiflər heyətinin sədri, Rusiyanın Xalq Artisti, professor Sergey Leyferkus sənət yarışması haqqında fikirlərini bölüşüb. O vurğulayıb ki, bütün istedadını və zəhmətini həm Azərbaycan, həm də dünya mədəniyyətinin inkişafına həsr etmiş dahi sənətkar Bülbülə həsr olunan müsabiqə özlüyündə əlamətdar hadisədir. Münsiflər heyətinə Azərbaycan, Rusiya, Gürcüstan və Almaniyadan tanınmış musiqiçilər daxildir. İştirakçılar isə Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan və Gürcüstandan olan gənc vokalçılardır.
Qeyd edək ki, müsabiqənin seçim turları iyunun 7-dək Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. İyunun 4-dən 6-dək müsabiqənin I və II turları, iyunun 7-də isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə III tur keçiriləcək. Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley gecəsi iyunun 8-də Heydər Əliyev Sarayında, iyunun 9-da isə Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.


Create Account



Log In Your Account