Sep 10 2019 19:55
Views: 198

Azərbaycanda plastik kart olmadan da ödəniş etmək mümkün olacaq. Bu, yeni istifadəyə verilən Visa token xidməti sayəsində reallaşıb. “Visa Token” xidməti nağdsız ödənişlərin ödəniş kartları ilə yanaşı, müxtəlif vasitələr, o cümlədən mobil telefonlar vasitəsilə həyata keçirilməsinə, ödəniş kartları ilə aparılan əməliyyatlarda məlumatların emalı üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, daha innovativ həllərin tətbiqinə imkan verəcək. Maliyyə Bazarlarına Nəzarət Palatasının maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov bildirib ki, ölkədə yeni xidmət nağdsız ödəniş sisteminin inkişafına təkan verəcək.
Tamerlan Rüstəmov qeyd edib ki, bu xidmətin ölkədə tətbiqinə bir müddət hazırlıq gedib. Maliyyə Bazarlarına Nəzarət Palatası bir neçə istiqamətdə işlər görüb. Həm qanunvericilik bazası, həm də texniki infrastruktur təkmilləşdirilib.
Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatası və “Visa Inc.” beynəlxalq kart təşkilatı arasında daha öncədən imzalanmış Anlama Memorandumu da təqdim olunub.  Bu memorandum ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınması, rəqəmsal ödənişlərin inkişafı üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi və digər istiqamətlərdə birgə əməkdaşlığı nəzərdə tutur.
Qeyd edək ki, Visa beynəlxalq ödəniş təşkilatı Azərbaycanda 2020-ci ildə pilot layihənin icrasını planlaşdırır. Bu layihə “tap to phone” texnologiyasının tətbiqini nəzərdə tutur. Bu texnologiya isə mobil telefonların ödəniş vasitəsinə çevrilməsinə imkan verəcək.


Create Account



Log In Your Account