Feb 27 2018 19:28
Views: 1067

Prezidenti İlham Əliyev pensiya və müavinətlərin, müvafiq kateqoriyalardan olan vətəndaşlara Prezidentin təqaüdlərinin artırılması məqsədilə bu ay 13 Fərman və Sərəncam imzalalayıb. Bu, dövlət başçısının əhalinin sosial müdafiəsinə xüsusi qayğısının növbəti təzahürüdür. Və ölkədə sosial müdafiə sisteminin ildən-ilə gücləndirildiyini göstərir. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirdiyi mətbuat konfransında belə dedi. Bildirdi ki, sosial müdafiə sisteminin mühüm komponentlərindən olan pensiya təminatı bu gün əhalinin 1 milyon 318 min 434 nəfərini əhatə edir. Əmək pensiyasının orta aylıq məbləği 2003-cü ilə nisbətən 11,3 dəfə artaraq 2018-ci il yanvarın 1-nə 208,36 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 233,68 manata çatdırılıb. Bu dövrdə əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi 17 dəfə artıb. “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 9 fevral 2018-ci il tarixli Sərəncam bu istiqamətdə növbəti irəliləyişə əsas yaradıb. Sərəncama əsasən əmək pensiyalarının ümumi məbləği 2017-ci ildə ölkədə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılması təmin edilib. Sərəncam pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunub. Pensiyalarda artımın təmin edilməsi üçün il ərzində ayrılan vəsaitin həcmi 165,4 milyon manat təşkil edir. Səlim Müslümovun sözlərinə görə, Azərbaycan Prezidentinin fevralın 20-si və 22-də imzaladığı 2 Fərman və 7 Sərəncam isə Prezidentin aylıq təqaüdü ödənilən 9 kateqoriya üzrə şəxsləri əhatə edir. “Həmin sənədlərə əsasən, müvafiq şəxslərə Prezident təqaüdü 2018-ci il martın 1-dən 10 faiz artırılmaqla, şəhid ailələri üçün 220 manatdan 242 manata, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün 200 manatdan 220 manata, müharibə və 20 Yanvar əlilləri - I qrup əlillər üçün 165 manatdan 181,5 manata, II qrup əlillər üçün 143 manatdan 157,3 manata, III qrup əlillər üçün 110 manatdan 121 manata, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 110 manatdan 121 manata çatdırılacaq. Həmçinin sosial müavinət alan ümumi səbəblərdən birinci qrup əlillərə də Azərbaycan Prezidentinin təqaüdlərinin gələn aydan 10 faiz artırılması, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Prezidentin təqaüdünün aylıq məbləğinin 1300 manatdan 1500 manata, Prezidentin fərdi təqaüdünün 1300 manatdan 1450 manata, fəxri adlara görə aylıq təqaüdlərin “Xalq” fəxri adı üçün 100 manatdan 150 manata, “Əməkdar” fəxri adı üçün 60 manatdan 100 manata çatdırılması nəzərdə tutulur. Qeyd olunan 9 Fərman və Sərəncam Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Prezidentin aylıq təqaüdü ödənilən 60 minədək şəxsi əhatə edir. Onların təqaüdlərinə müvafiq artımın edilməsi üçün bu ilin sonunadək dövlət büdcəsindən 9,7 milyon manat əlavə vəsait ayrılacaq. Nazirin sözlərinə görə, müharibə və 20 Yanvar əlilləri Prezidentin aylıq təqaüdü ilə yanaşı, əlilliyə görə əmək pensiyası və ya sosial müavinətlə, habelə şəhid ailəsi üzvləri əmək pensiyası hüquqları olmadıqda aylıq sosial müavinətlə də təmin olunurlar. Dövlət başçısının müvafiq Sərəncamları ilə həmin sosial ödənişlərin də artırılması təmin olunub.


Create Account



Log In Your Account