May 09 2019 18:44
Views: 473

Mayın 9-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı Arif Məlikovla vida mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Böyük bəstəkar Qara Qarayevin tələbəsi olmuş Arif Məlikov geniş yaradıcılıq diapazonu ilə seçilən sənətkar idi. O, öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaratmış, həm kino, həm teatr sənətinə layiqli töhfəsini verib. Nazim Hikmətin librettosuna yazdığı “Məhəbbət əfsanəsi” baleti bəstəkara dünya şöhrəti qazandırıb. Balet ilk dəfə 1961-ci ildə Sankt-Peterburq Akademik Mariinski Teatrında tamaşaya qoyulub. Sonradan balet dünyanın 60-dan çox ölkəsinin teatrlarında səhnəyə qoyulub.

Arif Məlikov səkkiz simfoniyanın, “Nağıl”, “Vətən”, “Metamorfozlar”, “Axırıncı aşırım” simfonik poemalarının, süitaların, “Bu torpaqda iki nəfər”, “İki qəlbin dastanı” baletlərinin, “Torpağın səsi” kantatasının, “Dalğalar” operettasının, Nazim Hikmətin sözlərinə üç romans silsiləsinin, fortepiano və orkestr üçün konsertin, kamera-instrumental əsərlərin, kinofilmlərə, teatr tamaşalarına musiqinin, bir çox mahnıların müəllifidir. Bəstəkarın musiqisi bu gün dünyanın bir çox ölkələrinin möhtəşəm teatr və konsert salonlarında, dövlət tədbirlərində, mədəniyyət günlərində, beynəlxalq musiqi festivallarında səslənir.

Arif Məlikov fəal vətəndaşlıq mövqeyi ilə xalqın böyük hörmətini qazanmış ictimai xadim olub. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqının haqq səsini dünyaya çatdıranlar arasında Arif Məlikov da var idi.

Bildirilib ki, bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib.


Create Account



Log In Your Account