Jul 18 2018 14:57
Views: 489

Xalq artisti, görkəmli aktyor və rejissor Şahmar Ələkbərovun 75 illik yubileyi qeyd olunub. Yubiley mərasimində çıxış edən Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev sənətkarın ömür yoluna nəzər salıb, onun həm aktyor, həm rejissor kimi Azərbaycan incəsənətinin inkişafına önəmli töhfələr verdiyini qeyd edib. Şahmar Ələkbərov fitri istedadı və zəhməti sayəsində səhnəyə yeniliklər gətirməklə öz üslubunu yaradıb və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb.
1943-cü ildə Gəncədə dünyaya göz açan Şahmar Ələkbərov cəmi 50 il yaşayıb. Amma bu müddətdə yaratdığı obrazlarla, çəkdiyi filmlərlə adını əbədi olaraq Azərbaycanın kino tarixinə yaza bilib.  Onun aktyor karyerası “Dağlarda döyüş” filmindən başlaylb, daha sonra “Yeddi oğul istərəm","Axırıncı aşırım", "Arxadan vurulan zərbə", "Babək" kimi filmlərdə bir-birindən maraqlı obrazlar yaradıb. Şahmar Ələkbərovun yaradıcılığının mühüm bir hissəsi səsləndirmə ilə bağlı olub. Onun unudulmaz səsi bir çox aktyorun oynadığı obraza can verib.
Şahmar Ələkbərov rejissor kimi də kino tarixində özünəməxsus iz qoyub. Onun bu sahədə ilk işi Gülbəniz Əzimzadə ilə birgə çəkdiyi "İmtahan" filmi olub. Sonra "Sahilsiz gecə", "Qəzəlxan" filmlərini ekranlaşdırıb. Şahmar Ələkbərov artıq 26 ildir dünyadan köçsə də, onun xatirəsi, yaratdığı obrazlar yaşayır.
Yubiley tədbiri çərçivəsində Şahmar Ələkbərovun həyat və yaradıcılığını əks etdirən fotosərgi açılıb, çəkildiyi filmlərdən kadrlar nümayiş olunub.


Create Account



Log In Your Account