Jun 22 2019 18:56
Views: 397

Mirzə Şəfi Vazeh klassik şeirdən müasir şeirə keçidin ən gözəl nümunəsidir. Bu fikir Xalq Bankın “Xalq əmanəti” layihəsi çərçivəsində Azərbaycan şairi, mütəfəkkiri, maarifçi və pedaqoq Mirzə Şəfi Vazehin yaradıcılıq irsinə həsr olunan nəşrin təqdimat mərasimində səsləndirilib. Vazeh təxəllüsü ilə həm Azərbaycan, həm də fars dilində yazıb-yaradan Mirzə Şəfi “Yusif və Züleyxa”, “Sədi və Şah” poemaları, qəzəlləri, rübailəri, kəskin satira və yumorla dolu aforizmləri ilə dövrün cəsarətli ədəbi nümunələrini yaradıb. İndiyədək ədib azərbaycan dilində yazdığı 50-60 şeiri ilə tanındığından, 170 il sonra ana dilində əsərlərinin bir kitaba toplanması və nəşri böyük hadisə hesab olunur.
Gəncədə dünyaya göz açan Mirzə Şəfinin yaradıcılığı, tədris və maarifçilik sahəsində gördüyü işlər din xadimlərini qıcıqlandırdığından tezliklə şair dogma şəhəri tərk etmək məcburiyyətində qalır. Tiflisə köçən mütəfəkkir Azərbaycan poeziyasının ilk müntəxabatını yazıb. Ədibin bu şəhərdəki ədəbi məclislərində iştirak edən alman tədqiqatçı Bodenştet onun əsərlərini  Almaniyada çap etdirir. Hətta sonradan əsərləri öz adına çxıır. Vazehin şöhrəti onun 12 şeirinə rus pianoçusu Anton Rubinşteynin romanslar yazması ilə daha da artır. Bu romansları tezliklə dahi rus bəstəkarı Pyotr Çaykovski alman dilindən rus dilinə tərcümə edir və uzun illər bu əsərlər Fyodr Şalyapinin ifasında səsləndirilib. “Xalq əmanəti” layihəsinin mürəkkəb işlərindən biri olan bu kitabın üzərində 5 il ərzində çoxsaylı mütəxəssislər çalışıb və bütün külliyat 3 dildə nəşr olunub. Kitabın redaktoru, tərtibatçısı və ön sözün müəllifi olan Səlim Babullaoğlu deyir ki, kitabda Mirzə Şəfinin 170 il ərzində çap olunan və olunmayan bütün şeirləri toplanıb. İndiyədək ədibin Azərbaycan dilində çap olunan şeirlərinin sayı 100-ü ötməyib.
Yaradıcı qrup ilk növbədə əski alman əlifbasında olan bütün şeirləri yeni alman əlifbasına keçirib. Bu şeirlər indiyə qədər mövcud olan şeirlərlə tutuşduruldub və 3 dildə çatışmayan əsərlər müəyyənləşdirilib. Azərbaycan dilində çatışmayan 270, rus dilində 180, alman dilində isə 15 şeirin sətri və bədii tərcümələri edilib. Həm Azərbaycan, həm də rus dillərindəki versiyalarda silsilə və yarımbaşlıqlar alman versiyasında olduğu kimi saxlanılıb.
Layihə çərçivəsində ümumilikdə 4 kitab çap olunub. Oxucular onun Azərbaycan dilində orjinal əsərləri ilə yanaşı, farsca yazdığı şeirlərini tanınmış ədiblərin tərcüməsində oxuya bilərlər. kitabın nəşri şairin anadan olmasının 225-ci ildönümünə təsadüf edir.Qeyd edək ki, Xalq əmanəti layihəsi 2010-cu ildən həyata keçirilir və Mirzə Şəfi Vazehə həsr olunan “Xalq əmanəti” sayca 18-cidir.


Create Account



Log In Your Account