May 14 2019 19:14
Views: 200

Mayın 29-dan iyunun 4-dək Azərbaycanda ilk dəfə olaraq “İnnovasiya Festivalı” keçiriləcək. Bu haqda festivalın mətbuat konfransında məlumat verildi. Bildirildi ki, festival Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə 300-dən çox yerli və xarici şirkət, 70-dən artıq natiq və 50-dək ölkədən nümayəndə iştirak edəcək. “InnoFest” çərçivəsində qlobal təşkilatların, şirkətlərin və nüfuzlu şəxslərin iştirakı ilə sammit və forumlar, robotexnika yarışları, kiberidman turnirləri, innovasiya, startap müsabiqələri, sərgilər təşkil ediləcək.

“Şərq Tərəfdaşlığı” ölkələrinin “Rəqəmli bazarların uyğunlaşdırılması” təşəbbüsü çərçivəsində 4-cü “İKT innovasiyaları və startap ekosistemləri” istiqaməti üzrə seminar da keçiriləcək. Seminarda Avropa Komissiyası, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Belarusdan nümayəndələr, eləcə də xarici ekspertlər iştirak edəcək.

Festival çərçivəsində ilk Azərbaycan Gənclər İnternet İdarəçilik Forumu da keçiriləcək. Forumun məqsədi Azərbaycan və region ölkələrinin gənclərini bir araya toplamaq, rəqəmli sahə üzrə inkişaf tendensiyalarını müzakirə etməkdir. İyunun 4-də isə 8-19 yaşlı yeniyetmə və gənclər arasında Azərbaycanda III Robot Olimpiadası baş tutacaq. Robot Olimpidiasi hər il müxtəlif mövzuları əhatə edir.

“İnnoFest” günlərində dünyaca məşhur müğənni İnna da paytaxtımızın qonağı olacaq. Onun mayın 31-də “Elektra Events Hall”-da konsert proqramı ilə çıxışı nəzərdə tutulub. Festivala Gənclər və İdman, Təhsil nazirlikləri, Heydər Əliyev Mərkəzi, Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı, ABŞ-ın ölkəmizdəki səfirliyi və digər qurumlar dəstək verir.


Create Account



Log In Your Account