May 24 2019 19:03
Views: 310

Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi bu istiqamətdə yeni yolun tikintisini zəruri edib. Buna görə, 24 km uzunluğunda Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi qərara alınıb. 

Dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tikinti işlərinə start verilib. Tikinti işlərinə respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu km-dən ayrılan Alpan-Kürkün-Susay istiqamətində başlanılıb. Susay-Xınalıq avtomobil yolunun sözügedən hissəsinin uzunluğu 24 km təşkil edir.

Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Alpan-Kürkün-Susay avtomobil yolunda 1 düzbucaqlı su keçidi və 2 körpü inşa ediləcək. Körpülər 2 aşırımlı olmaqla 61 və 66 metr uzunluğunda olacaq. Artıq tikiləcək 1 dəmir-beton körpünün svayların vurulması işlərinə başlanılıb.

Layihənin növbəti mərhələsində Alpan-Kürkün-Susay yolunun davamı olaraq 30 km uzunluğunda Susay-Qalaxudat-Xınalıq, həmçinin sözügedən yoldan 4.8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikintisi işlərinə başlanılacaq. Beləliklə, həyata keçirilən yeni yol infrastrukturu layihəsinin ümumi uzunluğu 58.8 km təşkil edəcək. Xınalıq kəndi istiqamətində yeni avtomobil yolunun tikintisinin 2020-ci il ərzində yekunlaşdırılması planlaşdırılır.


Create Account



Log In Your Account