Jul 08 2020 17:54
Views: 566

Quba rayonunun ərazisində dəniz səviyyəsindən 2300 m yüksəklikdə yerləşən Xınalıq kəndində tarixi evlərin bərpası ilə bağlı layihələndirmə işlərinə başlanılıb. Bu barədə CBC-yə müsahibəsində Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin idarə heyətinin sədri Azadə Hüseynova məlumat verib. Bununla paralel mərkəzin mütəxəssisləri etnoqraflarla birgə bu ərazidə yerləşən abidələri araşdırır. Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu UNESCO-nun Dünya İrs Komitəsinin İlkin Siyahısına daxil edilib. Sənəddə əsaslandırmalar və qoruğun Dünya İrs Siyahısına salınmasını təsbit edən məlumatlar əksini tapıb.   Növbəti hədəf isə Xınalığın tarixi simasını bərpa etməklə UNESCO-nun Dünya İrs Komitəsinin daimi siyahısına salınmasına nail olmaqdır.

Mütəxəssislər hesab edir ki, Xınalığın UNESCO Dünya İrs Komitəsinin ilkin siyahısına daxil edilməsi bu abidənin dünya tarixi üçün əhəmiyyətini, unikallığını bir daha sübut edir.  Xınalıqda yaşayan insanların dili, etnoqrafiyası hələ də araşdırma mövzusudur. Bu ərazidə ekspedisiyalarda olan etnoqraf Əliağa Məmmədli deyir ki, xınalıqlılar zəngin mənəvi mədəniyyətə malikdir. Qoruğun ərazisində pirin yerləşməsi, unikal məscidin, atəşgahın olması, minilliklərlə bu xalqın məşğul olduğu təsərrüfat fəaliyyəti maraq doğurur. UNESCO-nun Dünya İrs Komitəsinin İlkin Siyahısına daxil edilməsi həm də Xınalığın dünya mədəniyyətində öz yerini tutmasına yardım edəcək.

Restavrasiya işləri zamanı Xınalığın orijinallığının qorunub saxlanmasına diqqət yetiriləcək. Qeyd edək kİ, 2007-ci ildə Xınalıq qoruq elan olunub, 2018-ci ildə Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.


Create Account



Log In Your Account