Jun 01 2019 14:54
Views: 1144

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu qanlı əməl təxribat xarakteri daşıyır.” Bu barədə Xarici İşlər Nazirliyinin cəbhə xəttində Azərbaycan Ordusunun hərbi zabitinin şəhid olması ilə bağlı bəyanatında deyilir. Bildirilib ki, işğalçı Ermənistan rəhbərliyinin sözdə münaqişənin həlli üzrə sülh şəraitinin yaradılması bəyanatları real və praktiki addımlarla müşayiət olunmur.

Ekspertlər hesab edirlər ki, cəbhədə baş vermiş təxribat Ermənistanda daxili siyasi çəkişmələrin, eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı rejimlə Yerevan arasında ziddiyyətlərin nəticəsi kimi də qiymətləndirilə bilər. Lakin heç bir amil Ermənistanın indiki rəhbərliyini baş verənlərə görə məsuliyyətdən azad etmir.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri ilə bağlı yaydıqları bəyanatda son qurbanlara görə narahatlıqlarını ifadə ediblər. Səfər zamanı həmsədrlər Azərbaycan və Ermənistan rəhbərliyi ilə yanaşı, işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki seperatçı rejim və bölgənin azərbaycanlı icması ilə də görüşüblər.

ATƏT-in Minsk Qrupunun həmsədrləri 27-30 may tarixlərində regiona səfər ediblər.  Səfərin davam etdiyi vaxtda - mayın 30-da cəbhənin Ağdam rayonu istiqamətində, düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu, 36 yaşlı mayor Aqil Omarov şəhid olub.  Şəhid bu gün doğulduğu Qax rayonunun Lələpaşa kəndində torpağa tapşırılıb.


Create Account



Log In Your Account