Aug 31 2018 18:37
Views: 442

“Ermənistan polis və yaxud daxili qoşun qüvvələrinin Ermənistan-Azərbaycan sərhədi boyunca dislokasiya edilməsi Ermənistan ordusunda ciddi problemin olduğunu göstərir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, belə qanunsuz hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin həllinə maneçilik törədir.
 “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeganə üzvü deyil”. HikmətHacıyev rəsmi Yerevanın Azərbaycanın adıçəkilən quruma mümkün üzvlüyünə veto qoymaq barədəaçıqlamasına münasibət bildirərkən belə dedi. Nazirlik sözçüsü Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin sayının ciddi şəkildə azaldığını da bildirdi. Əlavə etdi ki, bu, Azərbaycan tərəfindən “arzuolunmaz şəxslər” siyahısının tətbiqinin və bu istiqamətdə görülən tədbirlərin nəticəsidir.
Nazirlik rəsmisi Ermənistanın Hindistandan silah alacağı ilə bağlı yayılan xəbərə də münasibət bildirdi. Dedi ki, Azərbaycanın Hindistandakı səfirliyinə bunu araşdırmaq barədə tapşırıq verilib. Zərurət olarsa, məsələ ilə bağlı Hindistan tərəfi ilə müzakirə olunacaq. Hikmət Hacıyev gözlənilən qarşılıqlı səfərlər barədə də məlumat verdi. Bildirdi ki, sentyabrın 3-də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Qırğızıstanda keçiriləcək sammitində Prezident İlham Əliyevin də iştirakı gözlənilir.
Hikmət Hacıyev Azərbaycanla Yaponiya arasında müsbət əlaqələrin, xüsusilə də turizm sahəsində geniş əməkdaşlıq perspektivlərinin olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, sentyabrın 5-də Yaponiyanın xarici işlər naziri Taro Kanonun Azərbaycana rəsmi səfəri gözlənilir. Yaponiyalı nazir Azərbaycan rəsmiləri, o cümlədən həmkarı Elmar Məmmədyarovla bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək.


Create Account



Log In Your Account