Mar 01 2019 14:10
Views: 456

ABŞ Konqresinin Reybörn binasında Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Xocalı faciəsinin tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək Xocalı qurbanlarının xatirəsini yad edib və  bunun Azərbaycanlılara qarşı törədilmiş soyqırım olduğunu, münaqişənin həlli istiqamətində Ermənistanın ciddi addımlar atmasının vacibliyini vurğulayıb. Konqresdə Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Ohayo ştatını təmsil edən Stiv Şəbot bu acı faciənin ildönümündə Azəbaycanla birgə olduğunu və qətlə yetirilmiş insanlarının xatirəsinin unudulmadığını diqqətə çatdırıb. 

“Xocalı soyqırımın 27-ci ildönümüdür. Bu, dəhşətli bir hadisəydi. 600 nəfərdən çox insan həyatını itirib. Onların da əksəriyyəti qadın, uşaq, qoca və silahsız insanlar olub.  Belə faciə heç bir münaqişə və müharibə zamanı baş verməməlidir. Təəssüf ki, bu, Qarabağda baş verdi. Biz o insanları xatırlayırıq - unutmamışıq. İstərdik ki, bir daha belə hadisələr baş verməsin”.

ABŞ-da yaşayan Xocalı şəhər sakini Anar Usubov doğma şəhəri ilə bağlı qanlı yaddaşındakı acı xatirələrini auditoriya ilə bölüşüb, oxuduğu məktəbin bombalandığı, yüzlərlə insanın necə əsir götürüldüyü və itkin düşdüyünü qeyd edib. Bu acı anların onun yaddaşında indi də canlı olduğunu vurğulayıb. Xocalı sakinini çıxışı tədbir iştirakçılarına dərin təsir bağışlayıb.

Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun digər üzvü Pol Qosar Azərbaycanın bu faciədən sonra bərpa olduğunu, artıq dünyanın inkişaf edən ölkələrindən biri olduğunu deyib. Konqres üzvü Azərbaycanın ABŞ-ın strateji müttəfiqi olduğunu qeyd edərək, yalnız regionun deyil, eləcə də Avropanın enerji təchizatına verdiyi töhfəni təqdir edib. 

Tədbirdə Xocalı faciəsi ilə bağlı həqiqətlər geniş auditoriyanın diqqətinə çatıdırılıb, həmin faciədə qətlə yetirilmiş insanların xatirəsi anılıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin vacibliyi bildirilib. Sonda Xocalı faciəsi ilə bağlı Konqres üzvləri tərəfindən verilmiş bəyanatlar səsləndirilib.


Create Account



Log In Your Account