Oct 02 2017 16:26
Views: 846

Xocavənd rayonunun işğalından 25 il ötür. Ermənistan silahlı qüvvələri 1992-ci il oktyabrın 2-də Azərbaycanın dilbər guşələrindən olan Xocavənd rayonunu işğal ediblər. Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. Ərazisi 1458 kvadratkilometr olan Xocavənd rayonunda 1 şəhər, 2 qəsəbə, 81 kənd olub. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 15-də Xətai kəndi, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Haxullu kəndi işğal edilib. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törədib, kənd əhalisinin böyük əksəriyyətini xüsusi amansızlıqla qətlə yetirərək soyqırımı həyata keçirib. 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145-i şəhid olub. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb. Yurd-yuvasından didərgin düşmüş xocavəndlilər əsasən Beyləqan rayonu ərazisində məskunlaşıblar.
Xocavənd rayonunun ərazisi tarixi memarlıq və arxeoloji abidələrlə zəngindir. Yaşı 1,5 milyon il olan Azıx mağarası, qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində Ritiş qalası, Ərgünəş dağının yamacında yerləşən Ərgünəş qalası, Böyük Tağlar kəndində Alban məbədi, Tuğ kəndindəki Qırmızı məbəd, Alban kilsəsi, Alban qəbiristanlığı, Qaradağlı kəndi ərazisində Alban qəbiristanlığı və onlarla digər abidə 25 ildir erməni vəhşiliyinin qurbanına çevrilib. Xocavənd rayonu təbii sərvətlərilə də zəngin olub. Qırmızı Bazar qəsəbəsində yaşı 2000 və 1000 il olan iki qədim Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Qarakənd kəndində isə, respublikanın “Qırmızı kitab”ına daxil olmuş azat ağacları mühafizə edilib. Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə, Kuropatkin adlanan ərazisində 6 min hektara qədər ərazidə olan ağaclar məhv edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən operativ mərkəz”inin əldə etdiyi məlumata əsasən, ərazilər mütəmadi yandırılır, fauna və flora tamamilə məhv edilir, ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır. Müxtəlif mənbələrdən əldə olunmuş məlumata əsasən, yandırılmış ərazilərdə 47 adda bitki və 19 adda ağac növü kökündən məhv edilib.


Create Account



Log In Your Account