Oct 02 2018 18:25
Views: 422

1992-ci il oktyabrın 2-də Xocavəndin işğalı nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi yandırılaraq, əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılıb. Dörd ay mühasirədə qalan Qaradağlı kəndinə ermənilərin hücumu nəticəsində 77 nəfər şəhid olub, 110 kənd sakini girov götürülüb. Sonradan onların 49 nəfəri amansızlıqla qətlə yetirilib. Ümumilikdə, xocavəndlilər 13-ü qadın, 13-ü isə uşaq olmaqla, 145 nəfər şəhid verib. Xocavənd şəhidlərinin xatirəsi Beyləqan rayonunda salınan Yeni Xocavənd qəsəbəsində Şəhidlər Abidəsi Kompleksində əbədiləşdirilib. Bu gün bir daha Xocavənd uğrunda həlak olanların xatirəsi yad edilib. Mərasimdə çıxış edən aprel döyüşlərinin iştirakçısı, general-mayor Mais Barxudarov bildirib ki, xocavəndlilərə ən böyük hədiyyə onların doğma torpaqlarının işğaldan azad edilməsi ola bilər və həmin gün uzaqda deyil.  
Mərasimdə Müdafiə Nazirliyinuin bölgədə yerləşən N saylı hərbi hissəsinin əsgər və zabitləri, şəhid ailələri, veteranlar və  ictimayyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, xocavəndlilər kiçik bir qüvvə ilə işğalçı Ermənistan  Ordusuna  uzun müddət müqavimət göstərib, qeyri – bərabər döyüşlərdə  qəhrəmanlıqla iştirak ediblər. Bu gün də öz doğma torpaqları uğrunda döyüşə hazırdırlar.
Yurd-yuvasından didərgin düşmüş xocavəndlilər respublikanın 36 şəhər və rayonunda məskunlaşıblar. Xocavəndli məcburi köçkünlər əsasən Beyləqan rayonu ərazisində salınan Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Qaradağlı qəsəbələrində, Ağcabədi rayonu ərazisindəki massivdə yaşayırlar. Rayonun bütün icra strukturları Beyləqan rayonu ərazisindəki 500 ailəlik Xocavənd qəsəbəsində fəaliyyət göstərir. 26 ildir ki köçkünlük həyatı yaşasalar da, onlar doğma yurdlarına qayıdacaqlarına inanır, bu günü səbirsizliklə gözləyirlər.


Create Account



Log In Your Account