Jan 25 2019 17:51
Views: 440

Azərbaycanlı alimlər xərçəngi erkən mərhələdə müəyyənləşdirməyə imkan verən sadə analiz növünü icad ediblər.  Bu haqda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında məlumat verildi. İclasda AMEA-nın müxtəlif institutlarının əməkdaşları tərəfindən həyata keçirilən elmi tədqiqatlar, əldə edilən mühüm nəticələrdən söz açıldı. Bunlardan biri də biopsiya aparmadan, sidikdən analiz götürməklə xərçəng diaqnozunun qoyulmasına imkan verən yeni metoddur.

AMEA-nın Biologiya və Tibb Bölməsinin katibi, akademik Əhliman Əmiraslanovun sözlərinə görə, ötən il bölmə institutları üzrə 18 problemi əhatə edən 91 mövzu üzrə 255 tədqiqat işi aparılıb. Bu araşdırmalar 461 mərhələdə həyata keçirilib. Akademik tibb sahəsi üzrə 64 nəticənin tətbiq olunduğu bildirdir. Bunlar arasında talassemiya üzrə Azərbaycan üçün yeni olan 3 yeni mutasiyanın aşkarlanması, bədxassəli şişlərdə yüksək angiogenezə qarşı müalicənin vacibliyi sübut olunub. Aqrar sahədə əldə olunan 28 elmi nəticədən biri isə ilk dəfə olaraq Azərbaycanda GİS texnologiyasına əsaslanan relyefin plastikası xəritəsi hazırlanmasıdır. Əvvəllər belə xəritə yalnız kağız üzərində olub.

Hesabat iclasında AMEA-nın bölgələrdəki elmi mərkəzlərinin fəaliyyətinə dair məlumatlar da açıqlanıb. Lənkəran Elmi Mərkəzinin əməkdaşları seleksiya yolu ilə yaradılmış “Lənkəran Meyeri” adlı yeni limon ağçiçək sortunu, həm də yeni “Karlik tezyetişən” naringi sortu əldə ediblər. Şəki Regional Elmi Mərkəzi isə baramaçılıq sahəsində mühüm nəticələr əldə edib.

Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb, tədqiqatçılar elmi işlərlə bağlı sualları cavablandırıblar. AMEA-nın prezidenti Akif Əlizadə azərbaycanlı alimlərə elmi işləri daha çox nəticəyə yönləndirməyə, öz işlərini dünya bazarına çıxarmaq istiqamətində səyləri gücləndirməyi tövsiyə edib.


Create Account



Log In Your Account