Apr 09 2019 18:13
Views: 218

İqtisadi məsələlərlə bağlı ixtisaslaşmış məhkəmələr yaradılacaq. Bu barədə prezident İlham Əliyevin məhkəmə sahəsində islahatların dərinləşdirilməsi haqqında fərmanını şərh edən Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev CBC-yə müsahibəsində bildirib.

Hakimin sözlərinə görə, fərmanda hakimlərə və məhkəmələrə tövsiyə olunan əsas məsələ məhkəmələrə inamın artırılmasıdır. Fərmanı inqilabi adlandıran Əsəd Mirzəliyev ixtisaslaşmış məhkəmələrin fəaliyyət istiqamətlərinə də toxunub. Bu məhkəmələrdə yüksək ixtisaslı və təcrübəli hakimlərin işləməsinin tövsiyə olunduğunu bildirən hakim bu müddəanın sahibkarlığın inkişafına təkan verəcəyini düşünür.    

Fərmanda məhkəmə təcrübəsinin ümumiləşdirilməsi, vahid məhkəmə təcrübəsinin yaradılması tələbi qoyulur. Fərmana əsasən Ali Məhkəmə və aidiyyatı qurumlar 2 ay ərzində bu məsələlərin tənzimlənməsi ilə bağlı normativ hüquqi aktlar hazırlamalı, təkliflər verməlidir. Fərmanda qeyd olunan maraqlı məqamlardan biri də dövlət rüsumlarının iddia tələbinə uyğunlaşdırılması ilə bağlıdır.

Prezident fərmanında hakimlərin sayının 200-ə qədər artırılmasını tövsiyə edib. Burada maraqlı məqamlardan biri “Mediasiya haqqında” qanunun təbliğidir. Yeni qanun tərəflər arasında məhkəmə çəkişməsinə qədər barışdırıcı funksiya rolunu oynayacaq mediatorların əsas funksiyalarını müəyyən edir.

Fərmanda qeyd olunur ki, məhkəmə iclaslarında şəffaflığın təmin olunması məqsədilə audioyazıların aparılması təmin olunmalıdır. Bunun üçün məhkəmələrin maddi texniki bazasının təkmilləşdirilməsi nəzərdə tutulur ki, bu da məhkəmələrin fəaliyyətinin səmərəli təşkilinə imkan verəcək.

 

 


Create Account



Log In Your Account