Dec 10 2018 18:21
Views: 527

“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” adlı kitabın Xəzər dənizinin hüquqi statusunun müəyyən olunduğu bir vaxtda ərsəyə gəlməsi çox  əhəmiyyətlidir. Kitabda dünya enerji təhlükəsizliyi məsələlərilə bağlı ayrı-ayrı dövlətlərin enerji siyasətinin təhlili və digər mühüm məsələlər yer alıb”.

Bu fikirlər Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun yeni kitabının təqdimat mərasimində səsləndirilib. Kitabın elmi redaktoru və ön sözün müəllifi Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovdur.

Kitabda bir çox görkəmli alimlərin rəyləri yer alıb. Müasir Azərbaycan dövlətinin yürütdüyü uğurlu enerji siyasətindən bəhs edilib.

Çıxış edənlər kitabın kifayət qədər aktual məsələyə həsr edildiyini vurğuladılar. Bildirdilər ki, kitabda 2018-ci ilin avqustunda imzalanan konvensiya ilə bağlı məsələlərə geniş yer ayrılıb. Bu monoqrafiya Xəzər regionunun enerji resurslarını və təhlükəsizliyini öyrənmək üçün qiymətli mənbə hesab edilir. Qeyd edildi ki, kitabda çox maraqlı təhlillərdən biri də enerji ixracı məsələsində Azərbaycanın Rusiya ilə rəqib olacağına dair ermənipərəst dairələrin yaratdığı ajiotaja cavab verilməsi, faktlarla izah edilməsidir.

Geniş oxucu kütləsi ilə yanaşı, tələbələr üçün də zəruri vəsait hesab edilən bu kitab Azərbaycanın bütün ali məktəblərinin kitabxanalarına təqdim ediləcək. Kitabın rus və ingilis dillərinə tərcümə olunaraq, bütün dünya kitabxanalarına, eləcə də müvafiq qurumlara göndərilməsi də nəzərdə tutulur.


Create Account



Log In Your Account