May 23 2020 18:18
Views: 439

Azərbaycan və Türkmənistan Xəzərin dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsini müzakirə edib. Türkmənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, Azərbaycanın rabitə operatoru “AzerTelecom” MMC və Türkmənistanın Dövlət Telekommunikasiya Şirkəti “Turkmentelecom”un nümayəndələri arasında onlayn görüş baş tutub. Onlayn iclasın əsas mövzusu Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında layihənin həyata keçirilməsi olub.
Qeyd olunub ki, qədim zamanlarda Böyük İpək Yolunun keçdiyi ərazini əhatə edən bu layihənin həyata keçirilməsi Türkmənbaşı və Siyəzən şəhərlərini birləşdirəcək, eləcə də Asiya ilə Avropa arasındakı telekommunikasiya körpülərinin yaxşılaşdırılması sahəsində əməkdaşlığı gücləndirəcək. Eyni zamanda telekommunikasiya sahəsinə investisiyaların cəlb edilməsinə xüsusi diqqət yetirilib, eyni zamanda fiber-optik rabitə xətlərin birgə tikintisi, istismarı, xidmət göstərilməsi və qorunması şərtləri müzakirə olunub.
Xatırladaq ki, ötən il noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Turkmentel-2019 sərgisi çərçivəsində Azərbaycanla Türkmənistan  Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili” haqqında dövlətlərarası Saziş imzalayıb. Ümumi uzunluğu 300 km olacaq magistral kabel xətti 2-4 terabit/s həcmində məlumatların ötürülməsinə imkan verəcək və Avropanın internet mərkəzi Frankfurtla Hindistanın Mumbay şəhərləri arasında Azərbaycandan keçəcək rəqəmsal ipək yolunu (Digital Silk Way) formalaşdıracaq. Magistral xətt Avropadan internet trafikinin məhz Azərbaycan vasitəsilə Türkmənistana, daha sonra isə Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistana ötürülməsinə imkan verəcək.

 


Create Account



Log In Your Account