Feb 01 2019 15:58
Views: 418

Bu gündən ölkədə «Yaşıl dəhliz” sisteminin tətbiqinə başlanılıb. Dövlət Gömrük Komitəsinin Tranzit Əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev deyir ki, yeni qaydalar ilk növbədə xarici ticarət iştirakçıları üçün gömrük prosedurlarının və idxal-ixrac əməliyyatlarının daha da sadələşdirilməsinə imkan verəcək. Bildirib ki, “Yaşıl dəhliz” sistemi ölkənin ixrac potensialının artırılması istiqamətində mühüm addımlardan biridir. 

“Yaşıl dəhliz” sisteminə qoşulan sahibkarlar ofislərini tərk etmədən, öz anbarlarından idxal-ixrac əməliyyatlarını həyata keçirə bilərlər. Bu sistemdən istifadə etmək üçün onlar ilk növbədə elektron müraciət formasını doldurmalıdırlar. İxrac zamanı isə sahibkarlar bir saat öncədən ixrac bəyənnaməsini və qanunvericiliklə tələb olunan məlumatları gömrük orqanlarına göndərməlidirlər.

“Yaşıl dəhliz” sistemindən istifadə etmək istəyən xarici ticarət iştirakçıları üçün müəyyən kriteriyalar müəyyənləşdirilib. Əsas tələblərdən biri sahibkarların son 1 il ərzində xarici ticarət əməliyyatlarının olmasıdır. Digər tərəfdən, sahibkarların yükdaşımaları beynəlxalq daşıma standarlarına cavab verən nəqliyyat vasitələri ilə həyata keçirilməlidir.

Prezident İlham Əliyevin 21 dekabr 2018-ci il tarixli fərmanına əsasən "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası" təsdiq edilib. Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində atılmış bu addım xarici ticarət iştirakçılarının və gömrük orqanlarının münasibətlərinin tənzimlənməsi məqsədinə xidmət edir. Sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə münbit şərait yaratmağı nəzərdə tutur.


Create Account



Log In Your Account