Jun 12 2019 18:56
Views: 412

Əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.qoruq yeni konsepsiyaya uyğun olaraq bərpa edilib. Abşeron rayonunun Məmmədli kəndində yerləşən Yanardağ abidəsinin ərazisi Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyətini  Dövlət Turizm Agentliyi tənzimləyir. Dövlət başçısının ötən ilin iyulunda imzaladığı Sərəncama əsasən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir standartlara uyğunlaşdırılması və ərazisində yeni turizm infrastrukturunun yaradılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Qoruğun bərpası Dövlət Turizm Agentliyinə həvalə olunub.

Aparılan yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 64,55 hektar olan qoruğun ərazisində 3 tematik zonadan ibarət muzey, açıq hava konsertləri üçün nəzərdə tutulan 500 nəfərlik amfiteatr, sənətkar emalatxanaları və mağazalar, yerli sənətkarlar tərəfindən keramika, şüşə, taxta və parça kimi təbii materiallardan hazırlanan suvenirlərin satışı məntəqəsi, parkinq turistlərin ixtiyarına verilib. 2007-ci ildən qoruq statusuna malik olan Yanardağda, həmçinin ərazidə tapılan, yerli əhalinin istifadə etdiyi qədim daşlar və sənətkarlıq nümunələrinin, qaval daşının nümayiş etdirildiyi açıq hava muzeyi yaradılıb. Bundan əlavə, qoruq ərazisində yerli gənc rəssamların əsərlərinin nümayiş olunduğu kafe, əyləncə zonası, uşaqlar üçün oyun meydançası fəaliyyət göstərəcək. Fiziki məhdudiyyətli şəxslərin Yanardağ alovunun ətrafına enməsi üçün xüsusi yol çəkilib. Bütövlükdə qoruq ərazisi abadlaşdırılaraq müxtəlif ağaclar əkilib.

Xatırladaq ki, 2017-ci il dekabrın 29-da Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olmuşdu. Dövlət başçısı o zaman buradakı çatışmazlıqları və qeyri-məqbul şəraitin olduğunu qeyd edərək, bunun ölkəmizin ümumi inkişaf səviyyəsinə uyğun gəlmədiyini bildirmişdi. Prezident İlham Əliyev qoruqdakı şəraitin qısa müddət ərzində müasir səviyyəyə çatdırılması barədə aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq vermişdi.


Create Account



Log In Your Account