Apr 18 2019 19:03
Views: 1198

Gələn ay “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu ərazisində aparılan tikinti və genişləndirmə işləri yekunlaşacaq. Yanardağın qarşısı amfiteatr şəklində layihələndirilib, indi inzibati bina və digər ictimai obyektlərin yerləşəcəyi binalarda tikinti aparılır. Eyni zamanda gələn ziyarətçilərin rahat hərəkəti üçün bütün zəruri imkanlar yaradılıb. Fiziki məhdudiyyətli şəxslərin qoruq ərazisində sərbəst hərəkəti üçün layihəyə uyğun olaraq yollar çəkilir. Açıq hava muzeyi yenidən layihələndirilib.Sahə rəisi Elvin Məmmədov bildirib ki, tikinti işləri qrafika uyğun gedir və tezliklə bütün işlər kompleks şəkildə təhvil veriləcək.

Abşeron rayonunun Məmmədli kəndində, Bakı şəhərindən cəmi 24 km aralıda yerləşən qoruq təbiət abidəsi sayılır.  “Yanardağ” sırf təbiət abidəsi olub yerdəki geofiziki proseslərin qərarlaşdığı vaxtdan bəri yanmaqdadır. Zəngin neft və qaz yataqları olan ərazidə yerləşən “Yanar dağ” tektonik proseslər nəticəsində yer səthinə çıxan qazların alışmasından yaranıb. Bəzən Yanardağda alovun hündürlüyü 10-15 metrə çatır. Abidə öz xüsusiyyətlərinə görə unikaldır. Bura gələnlər əsrarəngiz alov dilimlərinin sehrli mənzərəsinə valeh olur. Təsadüfi deyil ki, Yanardağ çox sayda turisti də cəlb edir. 18 aprel -“Beynəlxalq abidələr və tarixi yerlər günündə də qoruğu ziyarət edənlər sırasında turistlər üstünlük təşkil edib. 

Qoruq ərazisində yerləşən nadir təbiət abidələrindən biri də Qırməki Vadisidir. Burada qədim zamanlardan neft laylarının yer səthinə yaxın olması səbəbindən öz-özünə üzə çıxan qara qızıl qum və palçıqla qarışaraq soyuub. Nəticədə qıra bənzər kütlə əmələ gətirib. Qdəimdə yerli əhali bu təbii məhsuldan evlərinin damlarını yağışdan qorumaq üçün istifadə edib.“Yanar dağ” qoruğunun yerləşdiyi ərazi həm də çox qədim insan məskənlərindən biri sayılır. Ərazidə tapılan Qaval daşları bir daha sübut edir ki, bu yerlərdə insanlar qəbilə icması dövründən yaşayıblar.

Xatırladaq ki, Prezident İlham Əliyev  bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında Yanardağ qoruğunun vəziyyətindən narahatlıq ifadə edib və ərazidə yenidənqurma və bərpa işlərinin aparılması ilə bağlı göstəriş verib. Prezident İlham Əliyev hələ ötən il iyulun 17-də “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb və tikinti işlərinə noyabr ayından start verilib. Dövlət Turizm Agentliyinə qoruğun müasir standartlara uyğunlaşdırılması və ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə 1,2 milyon manat ayrılıb.  Dövlət Turizm Agentliyinin balansında olan ərazi 2007-ci ildə dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilib.


Create Account



Log In Your Account