Jun 13 2019 19:32
Views: 227

Əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu artıq qapılarını ziyarətçilərin üzünə açıb. 2017-ci ildə prezident İlham Əliyevin tapşırığına əsasən burada işlərə başlanılıb. Qoruq yeni konsepsiyaya uyğun bərpa edilib. Buradakı şərait qısa müddətə müasir səviyyəyə çatdırılıb.

Aparılan yenidənqurma işləri ilə tanış olmaq üçün “Yanardağ”a mediatur təşkil edilib. Məlumat verildi ki, ümumi sahəsi 65 hektara yaxın olan qoruğun ərazisində 3 tematik zonadan ibarət muzey, 500 nəfərlik amfiteatr, sənətkar emalatxanaları, suvenirlərin satış məntəqəsi, parkinq ziyarətçilərin ixtiyarına verilib. İstər ölkə vətəndaşları, istərsə də turistlər üçün burada yaxşı şərait yaradılıb.

“Yanardağ”ı görmək istəyənlər marşrut xətlərindən istifadə etməklə, bura gələ bilər. Qoruğa Hökumət Evinin yanından tur avtobusları da gedir. Amma Dövlət Turizm Agentliyi bura dahamüasir avtobusların ayrılması və sayının artırılması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət edəcək. Qoruq ərazisinə girişə gəlincə, avqustun 1-dən bura fərqli qiymətlərlə xidmət göstərəcək.

Bakının Məhəmmədi kəndində yerləşən bu qoruğa turist axını böyükdür. Dünyanın müxtəlif ölkələrindən gələn əcnəbilər dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsinə heyranlıqlarını gizlətmirlər.

Tarixçilərin sözlərinə görə, tarixi bilinməyən bu təbiət abidəsinin əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da “Yanardağ”ın mövcudluğuna istinadən qəbul edilib.

 “Yanardağ” abidəsinin ərazisi Prezidentin 2007-ci ildə imzaladığı Sərəncamla Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir.


Create Account



Log In Your Account