Sep 21 2019 18:35
Views: 274

 Sentyabrın 28-də keçiriləcək bal yarmarkasına arıçıların qeydiyyatı yekunlaşır. “Aqrar Tədarük və Təchizat” ASC-nin anbarına bu günə qədər 300-dək arıçıdan 100 tondan artıq balı təqdim olunub. 
 Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yarmarka üçün təqdim olunan ballardan nümunələri toplayıb laboratoriyaya göndərirlər. Balların keyfiyyətinə dair analizin nəticəsi bir neçə günə hazır olur.  
Bu il yarmarkaya çıxarılacaq bal məhsulları fərqli metodlarla yoxlanılır. Belə ki, yoxlamaya gətirilən balın müxtəlif yerlərindən nümunələr götürülür. Analiz nəticəsində keyfiyyəti aşağı olan balların yarmarkaya çıxarılmasına imkan verilməyəcək. 
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq builki yarmarka innovativ yenilikləri ilə ötən ilkilərdən fərqlənir. Belə ki, bu il ilk dəfə olaraq yarmarkaya qeydiyyat onlayn şəkildə aparılıb. Arıçılar 5 gün ərzində bal.kendden.az saytı vasitəsi ilə qeydiyyatan keçiblər. Bu il tətbiq edilən növbəti yenilik isə hər bir məhsulun üzərində ştrix-kodun olmasıdır.
Paytaxt sakinlərinin rahatlığını yüksək səviyyədə təmin etmək məqsədi ilə yarmarka günlərində onlayn sifariş xidməti də istifadəyə veriləcək. Sifariş olunan məhsullar Gənclik və Nəriman Nərimanov metro stansiyaları yaxınlığına pulsuz çatdırılacaq.  
Bal yarmarkası sentyabrın 28d-ə başlayacaq və  oktyabr 18-dək davam edəcək. Bu dəfə yarmarka Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində keçiriləcək. Yarmarkanın açılış günü, eləcə də şənbə və bazar günləri müxtəlif əyləncəli proqramlar və konsertlər  keçiriləcək. Yarmarkada arıçılıq məhsullarının dequstasiyası da təşkil olunacaq.

 


Create Account



Log In Your Account