Dec 22 2017 15:38
Views: 695

Xəzərin Azərbaycan sektorundakı yeni yataqların işlənməsi ilə ölkənin energetika sektoruna investisiya qoyuluşunun yeni dalğası başlayacaq. Bu baxımdan “Qarabağ” perspektiv strukturunun və “Abşeron” yatağının əhəmiyyəti xüsusi vurğulanır. Ekspertlərin fikrincə, bu yataqların işlənməsi istiqamətində SOCAR xarici tərəfdaşları ilə yekun razılaşma imzalamağa yaxındır. Artıq “Qarabağ” perspektiv strukturu ilə bağlı Statoil şirkəti ilə razılaşmanın əsas texniki və maliyyə tərəfləri razılaşdırılıb.
Strateji Araşdırmalar Mərkəzinin analitiklərinin hələ 2 il əvvəl apardıqları araşdırma nəticəsində verdikləri proqnoza görə, 2030-cu ildə “Şahdəniz”dən başqa digər yataqlardan ümumilikdə təxminən 15 milyard kubmetr qaz hasilatı mümkündür. Ekspertlər bu gözləntilərə Qarabağ və Abşeronla yanaşı, Ümid-Babək, Dan Ulduzu, Əşrəfi, Zəfər-Məşəl, Naxçıvan kimi perspektiv strukturların ehtiyatını da daxil ediblər. Enerji eksperti Gülmira Rzayevanın fikrincə, “Qarabağ”la bağlı hasilat proqnozlaşdırılandan daha tez baş verəcək.
“İnvestisiyalar Qarabağda daha tez başlayacaq. Çünki artıq müəyyən sənədlər imzalanıb. Artıq proses başlayıb. Düşünürəm ki, qarşıdakı 5-10 ildə artıq yeni yataqlardan 10, bəlkə 15 milyard kubmetr qaz hasilatı olacaq”.
Ekspertlər hesab edirlər ki, yeni mənbələrdən hasil olunan qazın nəqli ilə bağlı heç bir problem olmayacaq. Çünki artıq həmin vaxtda lazımı infrastruktur işlək vəziyyətdə olacaq.
Azərbaycan üçün əlavə qaz həcmləri istehsalı imkanlarını Xəzərin statusunun həlli də artıra bilər. Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin son toplantısında yekun konvensiya üzərində işlərin yekunlaşdığı, dövlət başçılarının 2018-ci ildə keçiriləcək sammitində imzalanmaya hazır olduğu açıqlanıb. Dənizin statusu müəyyənləşərsə, Azərbaycanın İran və Türkmənistanla hələlik mübahisəli sayılan yataqlarda da fəaliyyət imkanları yaranacaq. Mütəxəssislərin fikrincə, hər iki yatağın birgə konsorsium yaratmaqla istismarı daha məqsədəuyğundur.


Create Account



Log In Your Account