May 15 2018 18:32
Views: 429

Amerika Birləşmiş Ştatların səfirliyini Qüdsə köçürməsi ilə bağlı Qəzza zolağında yaranmış vəziyyyət BMT təhlükəsizlik şurasının bu gün keçiriləcək iclasında müzakirə ediləcək. Şuranın üzvü olan 10 ölkə BMT-nin baş katibi Antonio Quttereşə məktub ünvanlayaraq bölgədə insan ölümlərini dayandırmaq üçün addımlar atmağa çağırıb. Əsas tələb BMT-nin daha əvvəl qəbul etdiyi qətnamələrin icrasını təmin etməsidir. Fələstin Amerika Birləşmiş Ştatlarının Qüdsdəki səfirliyini yəhudi yaşayış məskənlərindən biri hesab edir. Bunu Fələstinin dövlət başçısı Mahmud Abbas bəyan edib. O, Qəzzada yaşanan qətliamın dayandırılması üçün dünya birliyinə çağırış edib. bildirib ki, Birləşmiş Ştatlar artıq bölgədə sülh danışıqlarında vasitəçilik etmək haqqını itirib. Fələstində üç günlük matəm elan edib. Türkiyədə də Qəzzada çox sayda insanın ölümü ilə bağlı 3 günlük matəm elan olunub. Türkiyə rəsmi Vaşinqtonun addımına etiraz olaraq Birləşmiş Ştatlar və İsraildəki səfirlərini geri çağırıb. Prezident Rəcəb Tayyib Ərdoğan Qəzzada yaşananları “soyqırım” adlandırıb. Azərbaycanda da bu faciənin baş verməsi pislənilir. Qafqaz Müsəlmanları idarəsinin sədri Allahşükür Paşazadə deyib ki, Qüds müsəlmanların doğma və müqəddəs torpağıdır:
Amerika Birləşmiş Ştatlarının səfirliyini Qüdsə köçürməsi ideyası beynəlxalq ictimaiyyət tərəfindən siyasi və ictimai dəstək qazanmamışdı. Lakin dinc insanları silah qabağına göndərmək əvəzinə, məsələnin siyasi yolla həllinə nail olmaq lazım idi. Milli Məclis üzvü Fazil Mustafa belə deyir. Qeyd edir ki, bu cür mübarizə metodu heç bir variantda uğurla nəticələnə bilməzdi. əgər İsrail qeyri-adekvat güc tətbiq edibsə, Fələstin də dinc əhalini bu proseslərin içinə cəlb etməklə  məsuliyyətsizliyə yol verib. 
Siyasi şərhçilər hesab edirlər ki, Birləşmiş Ştatların bu addımı Yaxın Şərqdə münaqişəni daha gərgin məcraya yönəldir.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsinə etiraz olaraq Qəzza zolağı boyunca keçirilən aksiyalarda ölənlərin sayı 59-a çatıb. Yaralıların sayının 2 mindən çox olduğu bildirilir. Dünyanın bir çox ölkəsində Amerika və İsrail əleyhinə etiraz aksiyaları keçirilib. Türkiyədə minlərlə insan  İstanbulun mərkəzində toplaşaraq fələstinlilərin ölümünü pisləyib. Amerika Birləşmiş Ştatlarının özündə də insanlar səfirliyin köçürülməsinə və fələstinlilərin öldürülməsinə etiraz olaraq küçələrə çıxıb.


Create Account



Log In Your Account