Jan 14 2019 18:04
Views: 260

Azərbaycan ordusu üçün müasir silahlar, texnikalar alınmasına bu il vəsait ayıracağıq. Bununla paralel olaraq, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, məişət problemlərinin həlli istiqamətində işlər gedir. Bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib. Ali Baş Komandan dövlətin hərbi gücünün artırılması, döyüş qabiliyyətinin yüksəldilməsi ilə bağlı işlərin davam etdiriləcəyini vurğulayıb. Millət vəkili Sevinc Fətəliyeva deyir ki, güclü dövlətin güclü də ordusu olmalıdır. 

Ordunun gücünü göstərən amillərdən biri də ordunun malik olduğu müasir avadanlıqlardır. Prezident də çıxışında qeyd edib ki,  son illər ərzində hava hücumuna, raket hücumuna qarşı alınan sistemlər müdafiə potensialımızı gücləndirir və digər sistemlər bizim hücum gücümüzü artırır. Ekspertlər də bildirirlər ki, silahlı qüvvələrin arsenalının zənginləşdirilməsi taktiki döyüş bacarığının yüksəlməsinə birbaşa təsir göstərir.

Prezident çıxışında bir daha vurğulayıb ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Sadəcə, Azərbaycan hələlik danışıqlar yolunu əsas vasitə kimi görür.  

Ekspert Ramil Məmmədli hesab edir ki, bu fikirlər Ermənistan hakimiyyətinə, Dağkıq Qarabağdakı seperatçı qüvvələrə, həmçinin münaqişənin həllində maraqlı olmayan qüvvələrə bir mesajdır.  

!Bu gün Azərbaycan ordusunun əldə etdiyi texnikaya nəzər yetirdikdə görərik ki, Azərbaycan ordusunun silahlanmasına daxil olan bütün sistemləri və texnikası hücum xarakterlidir. Və bu hücum xarakterli sistem Azərbaycan ordusunun təyinatından xəbər verir. Bu, o deməkdir ki, ordumuz qarşıda hücum əməliyyatlarının verilməsi əmrini gözləyir.

Azərbaycan dövlətinin başçısı bəyan edib ki, indi düşmənin elə bir hərbi hədəfi yoxdur ki, biz onu dəqiqliklə məhv edə bilməyək. Odur ki, Azərbaycan ordusu istənilən an işğal altında olan əraziləri azad etmək üçün əmr gözləyir.


Create Account



Log In Your Account