Feb 15 2019 18:21
Views: 301

Azərbaycanda ailə dəyərlərinin təbliği boşanmaların artımının qarşısını ala bilər. Bu haqda Milli Məclisdə “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda keçirilən dəyirmi masada fikir bildirilib. Qeyd olunub ki, təkcə ötən ilin 11 ayında Azərbaycanda 13.655 boşanma faktı qeydə alınıb.

Səbəblərə gəlincə, bunlar arasında erkən ailə qurması, məişət zorakılığı, maddi vəziyyət, kənar müdaxilələr, narkotik və içkiyə meyllilik, xəyanət və digər məqamlar qeyd olundu. Bir səbəb də ailə üzvlərinin, sonradan da yeni doğulan uşaqların xəstə olması ilə bağlıdır. Bu faktoru mümkün qədər aradan qaldırmaq üçün 2014-cü ildən etibarən nikaha girməzdən əvvəl gənclər məcburi tibbi müayinədən keçir. Bu da artıq öz nəticəsini verib.

MM-in Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, məhz irsi qan xəstəliklərinin profilaktikası sahəsində böyük uğur əldə olunub: “İcbari tibbi müayinənin tətbiqindən sonra irsi qan xəstəliyi ilə danyaya gələn uşaqların sayı 45 faiz azalıb. Bu, çox böyük rəqəmdir”.

Konkret bu addım ailələrin möhkəmlənməsində böyük rol oynayacaq. Çünki adətən belə ağır xəstə uşaq doğalnda ata, ya ana ailəni aıb gedir. Tək valideynin böyütdüyü uşaqlarda xroniki xəstəliklərə rast gəlmə halları da çoxdur.  Tədbirdə qeyd olundu ki, indi ölkədə qız qaçırılması faktlarına tez-tez rast gəlinir. Adətən tərəflər barışıq əldə etsələr də, sonradan  qadına problem yaradılır.

Dəyirmi masanın iştirakçıları ailənin qorunması üçün dini dəyərlərin düzgün təbliğinin də böyük rol oynadığını bildirdilər. Toplantıda qeyd olunan problemlərin həlli üçün qanunvericiliyə müəyyən təkliflər səsləndi. Ailə Strategiyasının qəbulu, Mediasiya haqqında qanunun qəbulu, yerli icra hakimiyyətləri ilə qeyri-hökumət təşkilatlarını birgə maarifləndirmə tədbirlərini artırmasının vacibliyi vurğulandı.

 


Create Account



Log In Your Account