Dövlət Neft Şirkətinin Qalmaz yeraltı qaz anbarında yeni kompressor stansiyası istismara verilib. SOCAR prezidenti Rövnəq Abdullayev də mərasimdə iştirak edib. 3 saylı yeni kompressor stansiyası Qalmaz yeraltı qaz anbarının qaz həcmini 1 milyard kubmetrdən 1,5 milyard kubmetrə çatdırılması məqsədi ilə inşa edilib. Gündəlik məhsuldarlığı 3 milyon m3 həcmində olan yeni kompressor stansiyası Qalmaz yeraltı qaz anbarının sutkalıq məhsuldarlığını 30% artıraraq, 10 milyon m3-dən 13 milyon m3-ə çatdıracaq. Anbara əlavə qaz həcmlərinin vurulması təbii qaza olan tələbatın kəskin artdığı qış aylarında tədarük edilmiş qaz həcmlərinin daha böyük həcmdə çıxarılması və istehlakçılara çatdırılması üçün şərait yaradır.SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, yeraltı qaz anbarlarını genişləndirməkdə əsas məqsəd ölkənin artan daxili tələbatını təmin etmək, istehlakçılara təbii qazı maksimum sürət və səmərə ilə çatdırmaqdır. yay aylarında yeraltı qaz anbarlarına təbii qazı tədarük edilir, qış aylarında isə tələbat artdıqca anbarlardan çıxarıb istehlakçılara çatdırılır. Yeni kompressor stansiyası vasitəsi ilə təbii qaz anbara daha böyük həcmlərdə vurulacaq, abonentlərə daha çox mavi yanacaq çatdırılacaq.