Dec 17 2018 15:06
Views: 349

Azərbaycanda qış turizm mövsümü başlamaq üzrədir. Bu il qış aylarında, xüsusən də, Yeni il bayramında ölkəyə çoxlu sayda turistin gələcəyi gözlənilir. Artıq bayram günləri üçün Bakıda və regionlarda yerləşən otellərin çoxu bron edilib. Azərbaycan Turizm Peşəkarları Assosasiyasının prezidenti Ceyhun Aşurov CBC-yə açıqlamasında hər il ölkəyə gələn turistlərin sayının artdığını deyir. Onun sözlərinə görə, bu, ölkədə turizm biznesinin inkişafının bir nömrəli göstəricisidir.

Azərbaycan Dövlət Turizm Agentliyinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında ölkəyə 2,415 milyon turist gəlib. Yeni ili Azərbaycanda qarşılayacaq əcnəbilər arasında Körfəz ölkələri və Rusiya vətəndaşları üstünlük təşkil edir. Lakin əsas məqsəd təkcə bayramlarda deyil, il boyu ölkəyə turist axınını təmin etməkdir.

Dünya Turizm Təşkilatının məlumatına görə, ölkə turistin yadında 82 faiz milli mətbəxinə görə qalır. Odur ki, kafe və restoranlarda xidmətin keyfiyyətinin artırılması çox vacibdir. Eləcə də, otellərdə göstərilən xidmətin keyfiyyət və səviyyəsi, səliqə-səhmanı, rahatlığı qonaq üçün önəmli şərtdir.

Otellər Assosiasiyasinin rəsmisi deyir ki, Azərbaycanda qış turizm obyektləri yüksək beynəlxalq səviyyədə inşa olunub. Xidmət səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə gələn il ölkə otellərində yeni ulduz təsnifatlaşdırma sistemi tətbiq olunacaq. Əsas hədəf Azərbaycanı Qafqazın ən cəlbedici turizm məkanına çevirmək, turist sayını iki dəfə artırmaqdır.


Create Account



Log In Your Account