Mar 29 2019 18:21
Views: 1027

Bütün elektron xidmətləri vətəndaşlara bir pəncərədən təqdim edəcək yeni elektron hökumət portalı yaradılır. Elektron hökumətin yeni üzü olacaq “my.gov.az” saytından istifadə edən vətəndaşlar şəxsi kabinetə daxil olmaqla eyni anda bütün elektron xidmətlərdən yararlana biləcəklər.

Layihənin aprel ayında başlayacağını deyən Elektron Hökumətin İnkişafı Mərkəzinin rəhbəri Fariz Cəfərov bildirib ki, əsas məqsəd “hər şey vətəndaş üçün” yanaşmasından çıxış edərək elektron xidmətləri daha əlçatan etməkdir. E-gov.az portalında bu gün 900 minə qədər istifadəçinin olduğunu deyən mərkəz direktoru layihə istifadəyə verildikdən sonra bu rəqəmin 2 milyonu keçəcəyini bildirib.

Yaradılan elektron xidmətlərin vətəndaşlara tanıdılmasının zərurətindən danışan mərkəz direktoru bildirib ki, start götürən “Rəqəmsal Hökumət”  təşviqat proqramının əsas hədəflərindən biri də budur. İlk dəfə rəqəmsal hökumət xidmətlərinin tanıdılmasında ASAN könüllülərinin xidmətindən istifadə ediləcək. Proqram iştirakçıları mütəmadi olaraq təlim, seminar, o cümlədən tətbiqi layihələrə cəlb olunacaqlar.

İlkin mərhələdə vətəndaşlara böyük təqdimatlar ediləcək, maarifləndirici buletlər paylanılacaq. Təkcə ASAN xidmətin deyil, bütün elektron xidmətlər barədə məlumatlar praktik olaraq da təqdim ediləcək. Youtube kanalında, sosial şəbəkələrdə maarifləndirci videoların yerləşdirilməsi nəzərdə tutulub. Növbəti mərhələdə vətəndaşların rəyləri öyrəniləcək, buna uyğun olaraq da xidmətlərin yenilənməsi həyata keçiriləcək. Qeyd olunub ki, indiyədək 400-dək elektron xidmət yaradılıb ki, bu xidmətlərin sadələşdirilməsi, həmçinin  rəqəmsallaşdırılması istqamətində dövlət proqramı hazırlanıb. Gələcəkdə ASAN xidmət mərkəzlərində təqdim olan xidmətlərin də elektronlaşması nəzərdə tutulur.

 


Create Account



Log In Your Account