Jul 02 2019 17:37
Views: 215

Rusiyanın "Metrovaqonmaş” ASC-nin Bakı metropoliteni üçün istehsal etdiyi 10 vaqondan ibarət iki qatar bu gün Dərnəgül stansiyasından xəttə buraxılıb.
Yeni vaqonların sərnişinlər üçün mühüm əhəmiyyət kəsb edən üstünlükləri sırasında qapıların daha enli olması, açılıb-bağlanması işıqlı xəbərdarlıq indikatorları ilə təchiz edilməsidir. Bu, sərnişinlərin vaqonlara daha rahat və sürətlə daxil olub-çıxması imkanlarını genişləndirir. İşıqlı xəbərdarlıq qapının açılması və bağlanması ilə bağlı sərnişinin daha diqqətli olmasına kömək edir. Vaqonlarda daşımanın rahatlığı və təhlükəsizliyi təmin edilib. Ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər, uşaq arabaları üçün sahələr də ayrılıb, tutacaqlar sərnişin sıxlığı nəzərə alınmaqla layihələndirilib.
Sahəsi 15 faiz genişləndirilərək, daha rahat olmuş maşinist kabinəsi sürücünün sayıqlığına nəzarət edən texniki vasitələr və intellektual dəstək sistemləri ilə təchiz edilib. Qatarda, həmçinin məlumatın yığılması, saxlanması və maşinist monitoruna ötürülməsini nəzərdə tutan özünüdiaqnostika sistemi tətbiq edilib.
Ümumən, qatarın baş vaqonu 38, orta vaqonu isə 44 oturacaqlıdır. Həmçinin baş vaqonda 315, orta vaqonlarda isə 329 sərnişin mənzil başına rahat çatdırılır. Vaqonlarda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi sistemləri mövcuddur. Əsas yeniliklərdən biri kondisionerlərin Bakının iqlim şəraitinə uyğunlaşdırılması və soyutma sisteminin daha yüksək keyfiyyət standartlarına cavab verməsidir. Vaqonların istismar müddəti 30 ildir. Bu ilin avqust ayında daha 10 vaqon Bakıya gətirəcək.

 


Create Account



Log In Your Account