Dec 10 2019 17:34
Views: 154

"Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və payızlıq əkinlərin bəyan edilməsi prosesi qrafikə uyğun davam edir. Subsidiya alan fermerlərin böyük əksəriyyəti artıq EKTİS-də qeydiyyatdan keçərək özlərinə şəxsi kabinet yaradıblar. Bu günədək yeni sistemdə 400 minədək fermer qeydiyyatdan keçib". Bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Qazax və Ağstafa rayonlarında Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı keçirilən görüşlərdə deyib. Nazir müavini bildirib ki, bölgələrdə keçirilən maarifləndirici tədbirlər nəticəsində son 10 gündə EKTİS-də payızlıq əkin bəyanlarının sayı ciddi şəkildə artıb. Nazir müavini bildirib ki, Gələn ildən subsidiyalar bu bəyanlar əsasında veriləcək. Aqrar Subsidiya Şurası kənd təsərrüfatı bitkiləri üzrə subsidiya əmsallarını müəyyənləşdirib. Subsidiyaların məbləği əmsallar 200 manat baza məbləğinə vurulmaqla müəyyənləşəcək. Bu baxımdan fermerlərin hansı məhsulu əkdiyini dəqiq bəyan etməsi vacibdir. Fermerlərin diqqətinə çatdırılıb ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı meydana çıxan suallarla əlaqədar Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, "ASAN xidmət" mərkəzlərində yaradılmış xidmət pəncərələrinə və Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər. Görüşlərdə nazirliyin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə məsul şöbələrinin əməkdaşları, yerli icra hakimiyyəti strukturlarının nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, bələdiyyə sədrləri, fermerlər iştirak ediblər.


Create Account



Log In Your Account