Aug 24 2019 18:31
Views: 173

Başlanğıcını Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 115-ci km-dən götürən yerli əhəmiyyətli Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı yolunun uzunluğu 26.1 km-dir və 4-cü texniki dərəcəlidir. Sözügedən avtomobil yolunun en və uzunluq profilləri tikinti norma və qaydalarına uyğun olmadığı, torpaq və çınqıl örtüklü olması isə yük və sərnişin daşımasına maneə yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac yaranıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sözügedən yolun yenidən qurulması üçün əraziyə canlı qüvvə və texnika cəlb edərək işlərə başlayıb.

 

Layihə çərçivəsində yolun normativ eninin alınması üçün müxtəlif hissələrdə süxurların mexanizmlə kəsilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun və deformasiyaya uğramış hissələrin qazılıb çıxarılması işlər aparılır.

Yeni yol yatağının tikintisi bitən ərazilərdə optimal qum-çınqıl qarışığından istifadə edilərək yeni yol əsası inşa edilir. Texnoloji ardıcıllığa uyğun olaraq, torpaq işləri bitəndən sonra asfaltlanma işlərinə başlanılacaq. Ümumilikdə yol boyu 150 min kv.m-dən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

Layihənin sonuncu mərhələsi üzrə hərəkətin normal təşkili üçün yol boyu zəruri yerlərdə km göstəricisi, yol nişanı və siqnal dirəyi quraşdırılacaq, xətlənmə işləri aparılacaq.


Create Account



Log In Your Account