May 25 2019 18:56
Views: 458

Bakıda tələbə gənclər arasında IV “Youthvision” beynəlxalq mahnı müsabiqəsinin finalı keçirilib. “Həmişə gənc ol!” şüarı altında keçirilən müsabiqəni  Gənclər və idman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı birgə təşkil edib.  Əsas məqsəd yaradıcı və istedadlı tələbələrin potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şərait yaradılmasıdır.
Bu il müsabiqəyə Azərbaycan da daxil olmaqla 21 ölkədən 70-dən çox iştirakçı qatılıb. Müsabiqədə Almaniya, Belarus, Çexiya, İtaliya, Portuqaliya, Ruminiya, Rusiya, Serbiya, Slovakiya, Uqanda, Ukrayna, Moldova, Litva və Monteneqrodan olan iştirakçılar yarışıblar. Həmin gənclər öz ölkələrində bu və ya digər milli səviyyədə yarışda çıxış edənlərdir.
İştirakçılar sırasında qonşu ölkələrin nümayəndələri ilə yanaşı, türkdilli dövlətlərin təmsilçiləri də yarışır. Onların içərisində Azərbaycan əsilli olanlar xüsusi rəğbətlə qarşılanıb.
Azərbaycanı bu yarışda “Tələbə baharı” müsabiqəsinin pop-nominasiyasının qalib olan Azərbaycan Turizm və Menecment Universitetinin III kurs tələbəsi Nadir Rüstəmli təmsil edir.
Müsabiqədə hər ölkəni bir münsif təmsil edir. Münsiflər heyətinin üzvləri öz ölkələrinin təmsilçiləri istisna olmaqla digər iştirakçıların hər birinə 1-dən 12-yə qədər bal verir. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi adını qazanır. Müsabiqənin ümumi mükafat fondu 6 min dollardır. İlk üç yerin sahiblərinə müvafiq olaraq, 3000, 2000 və 1000 dollar məbləğində pul mükafatı və qiymətli hədiyyələr nəzərdə tutulub. Səsvermənin nəticəsinə görə, birinci yeri Ukrayna, ikinci yeri Azərbaycan, üçüncü yeri isə İtaliya təmsilçiləri tutublar. Müsabiqə qaliblərinə mükafatlar təqdim olunub.Qeyd edək ki,  2013-2014-cü illərdə keçirilmiş “Univiziya” tələbələrin beynəlxalq mahnı müsabiqəsinin əhatə dairəsi 2016-cı ildən genişləndirilərək gəncləri də əhatə edib və “Youthvision” adlandırılıb.


Create Account



Log In Your Account