Dec 09 2019 20:16
Views: 160

Özbəkistanda “Nəsimi ədəbiyyat günləri” çərçivəsində “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsinin yekunu və “Canımı qıldım fəda...” adlı poeziya axşamı keçirilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdən öncə Mərkəzin sərgi salonunda “Nəsimi yaradıcılığı rəsmlərdə, fotolarda, əlyazmalarda” adlı sərginin açılışı olub. Sərgidə Nəsimi yaradıcılığına dair çoxsaylı foto, rəsm və əlyazmalar nümayiş etdirilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov “Nəsimi ili” ilə əlaqədar Özbəkistanda keçirilən tədbirlər, həyata keçirilən layihələr haqqında məlumat verib, dahi şairin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan edilməsinin ədəbiyyat tariximizdə böyük hadisə olduğunu söyləyib. Bildirib ki, bu ilin mayında Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsi elan edib, müsabiqəyə hər iki ölkədən Nəsimi yaradıcılığı, dəst-xəttinə yaxın şeirlər toplanıb və Daşkənddə kitab halında çap edilib. “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsinin qaliblərinə Azərbaycanın Özbəkistandakı Səfirliyinin və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Fəxri diplomları, pul mükafatları təqdim edilib. Müsabiqənin birinci mükafatı Azərbaycanın İsmayıllı rayonunun Diyallı kənd müəllimi, şair Oktay İsmayıllı, Özbəkistandan Namanqan Vilayəti Kasansoy rayonundan Özbək şair Mühiddin Aməd layiq görülüb. Nəsimi Poeziya axşamında Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusufin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında hazırlanan musiqi kompozisiyası təqdim edilib. Özbəkistanlı tamaşaçılar kompoziyası böyük maraqla qarşılayıb. Qeyd edək ki, Nəsimi İli çərçivəsində Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkəzi bir sıra tədbirlər keçirib. Şairin qəzəlləri özbək dilinə tərcümə olunub və Daşkənddə nəşr edilib, şairin Özbəkistanda saxlanılan əlyazmaları aşkar edilib.


Create Account



Log In Your Account